mobil versiya

Modriç: “Milan” “Real”la eyni səviyyədədir”





“Real”ın sabiq yarımmüdafiəçisi Luka Modriç “Milan”dakı ilk mövsümünü və İtaliya klubundakı hədəflərini dəyərləndirib.

Xorvatiyalı futbolçu, “Milan”ın rəsmi televiziyasına açıqlamasında klubda keçirdiyi ilk ilin gözlədiyindən də yaxşı olduğunu bildirib:

“Bu, möhtəşəm idi. Təsəvvür etdiyimdən də yaxşı keçdi. İlk gündən etibarən sevgini hiss etdim – küçədə, sosial şəbəkədə, hər yerdə. Səni belə sevəndə azarkeşlərə və kluba eyni şəkildə cavab vermək, “Milan”ı mümkün qədər yaxşı təmsil etmək üçün bütün gücünü ortaya qoymaq istəyirsən. İnanılmaz sevgi hiss etdim.
Mən dünyanın ən böyük klubu olan “Real”da oynamışam. Amma mənə elə gəlir ki, “Milan” da onunla eyni səviyyədədir. “Milan” haqqında digər klublardan fərqli danışırlar. Bura gələndə bunun səbəbini anlayırsan. Bu, dünyanın ən vacib klublarından biridir. Burada çalışan insanlar və azarkeşlər sayəsində klub bu qədər böyükdür.
Özümü elə hiss edirəm ki, sanki burada uzun illərdir oynayıram. Bu da məni əlimdən gələnin ən yaxşısını etməyə vadar edir”.
40 yaşlı futbolçu “Milan”dakı əsas məqsədinin komandanın mümkün qədər çox qələbə qazanmasına kömək etmək olduğunu bildirib:
“Mənim vəzifəm bütün gücümü ortaya qoymaq və komandaya mümkün qədər çox qələbə qazanmaqda kömək etməkdir. Çox danışmağa ehtiyac yoxdur – indi hərəkət etmək vaxtıdır. Təvazökar qalmalı, çox çalışmalı və birliyimizi qorumalıyıq.
“Milan” kimi klubda oynayanda təbii olaraq məqsəd Çempionlar Liqasına vəsiqə qazanmaq deyil, qələbə haqqında düşünməkdir. Ən yaxşısına can atmalısan. Mənim bura gəlməyimin səbəbi və məqsədim də budur. Klub, rəhbərlik və baş məşqçi ilə eyni məqsədi paylaşırıq. Buna görə də qalmaq qərarına gəldim”.
Modriç ötən yay “Real”dan ayrılaraq “Milan”a keçib. (Komanda.az)

Reportyor.az 




KARUSEL / İDMAN
Tarix: Bu gün, 10:23