mobil versiya

İran XİN ABŞ ordusunun Larək adasına hərbi hücumu ilə bağlı bəyanat yayıb





İran Xarici İşlər Nazirliyi ABŞ ordusunun Larək adasına hərbi hücumu və İranın müdafiə xarakterli cavabı ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir:

ABŞordusu avqustun 30-da, bazar günü axşam saatlarında, İran İslam Respublikasının milli suverenliyini və ərazi bütövlüyünü növbəti dəfə pozaraq Larək adasının ayrı-ayrı hissələrinə hücum edib. Hücum nəticəsində vətənin cəsur müdafiəçilərindən və əziz həmvətənlərimizdən bir neçəsi şəhid olub və yaralanıb, dövlət və özəl əmlaka ziyan dəyib.

İran İslam Respublikasının Silahlı Qüvvələri bu hərbi təcavüzə cavab olaraq və özünümüdafiə hüququnun ayrılmaz tərkib hissəsi olan təbii haqqına əsaslanaraq, İrana qarşı ABŞ-ın hərbi təcavüzünün başlanğıc və dəstək mənbəyi olan İordaniya ərazisində yerləşən ABŞ hərbi bazalarına qarşı güclü və sarsıdıcı müdafiə zərbələri endirib.

Xarici İşlər Nazirliyi ABŞ-ın Larək adasına qarşı həyata keçirdiyi, Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndinin açıq şəkildə pozulması olan hərbi təcavüzü qətiyyətlə pisləyərək, BMT Təhlükəsizlik Şurasının və Baş katibin beynəlxalq sülh və təhlükəsizliyin qorunması, habelə təcavüzkar tərəfin məsuliyyətə cəlb edilməsi istiqamətində öz vəzifələrini yerinə yetirməli olduqlarını bir daha xatırladır.

İran İslam Respublikası BMT Baş katibinə, Təhlükəsizlik Şurasının sədrinə, Fars körfəzi ilə Hörmüz boğazında davam edən təhlükəsizlik böhranından narahatlıqlarını ifadə edən bütün dövlətlərə xatırladır ki, regionda gəmiçilik marşrutlarının təhlükəsizliyinin pozulmasının yeganə səbəbi ABŞ və sionist rejimin qanunsuz və təcavüzkar hərəkətləridir. Bu hərəkətlər 28 fevral tarixində İrana qarşı hücumla başlayıb və son 6 ay ərzində dəniz blokadası, eləcə də müxtəlif digər təxribatçı və müdaxilə xarakterli tədbirlər də daxil olmaqla, müxtəlif formalarda davam etdirilib.

Xarici İşlər Nazirliyi vurğulayır ki, İran İslam Respublikasının Silahlı Qüvvələri özünümüdafiə hüququnun ayrılmaz tərkib hissəsi olan təbii haqqını həyata keçirməkdən çəkinməyəcək və düşmənin istənilən hərbi təcavüzünə müvafiq şəkildə qətiyyətlə cavab verəcək.

Bildirir ki, ABŞ-ın yeni hərəkətlərinin, eləcə də İrana qarşı dəniz blokadasının və iqtisadi müharibənin davam etdirilməsinin bütün nəticələrinə görə tam məsuliyyət ABŞ rejiminin, habelə ABŞ-ın qanunsuz və hüquqa zidd tədbirlərinin hazırlanmasında və həyata keçirilməsində hər hansı şəkildə əlbir olan və iştirak edən bütün tərəflərin üzərinə düşür.

Reportyor.az 



KARUSEL / DÜNYA
Tarix: Bu gün, 13:15