Səfir: Hazırda Bakı ilə Düşənbə arasında həftədə dörd dəfə birbaşa müntəzəm aviareys həyata keçirilir

Tacikistanın Dövlət Müstəqilliyinin 35-ci ildönümü ilə bağlı bu ölkənin Azərbaycandakı Səfirliyi rəsmi qəbul təşkil edib.

Tacikistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İlhom Abdurahmon tədbir iştirakçılarını salamlayaraq müstəqillik illərində ölkənin siyasi, sosial-iqtisadi və mədəni sahələrdə əldə etdiyi mühüm nailiyyətlərdən bəhs edib. Çıxışında o, xüsusi olaraq Millətin Lideri, Tacikistan Respublikasının Prezidenti möhtərəm Emoməli Rəhmonun müasir Tacikistan dövlətçiliyinin möhkəmləndirilməsində, sülh və milli birliyin təmin edilməsində, habelə ölkənin ardıcıl inkişafında mühüm rolunu vurğulayıb.
Səfir deyib ki, Tacikistan ilə Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir. İki ölkə arasında əlaqələrin formalaşması və müstəqillik illərində mərhələli şəkildə inkişaf etməsində dövlət başçılarının siyasi iradəsi mühüm rol oynayıb. Tacikistan Prezidenti, Tacikistan xalqının lideri Emoməli Rəhmon və Azərbaycan Prezidenti İlham Əliyevin səyləri nəticəsində ikitərəfli münasibətlər bu gün yüksək səviyyəyə çatıb.

O bildirib ki, son üç il ərzində iki ölkə prezidentlərinin qarşılıqlı səfərləri münasibətlərin inkişafına mühüm töhfə verib.
Səfir turizm sahəsində əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb: "Hazırda Bakı ilə Düşənbə arasında həftədə dörd dəfə birbaşa müntəzəm aviareys həyata keçirilir və təyyarələrdə doluluq yüksəkdir. Yaxın gələcəkdə uçuşların sayının artırılması gözlənilir. Bu isə xalqlarımız arasında qarşılıqlı marağın və iki ölkə arasındakı münasibətlərin inkişaf səviyyəsinin göstəricisidir".
İlhom Abdurahmon Azərbaycan və Tacikistanın beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin təşəbbüslərini dəstəklədiyini bildirib.
Diplomat iki ölkə arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə inkişaf etdiyini diqqətə çatdırıb. Mədəniyyət sahəsində əlaqələrin yüksək səviyyədə olduğunu bildirib.
“Bakıda və Düşənbədə mədəniyyət günləri keçirilir, müxtəlif sərgilər, tədbirlər təşkil olunur. Bu istiqamətdə Azərbaycan Hökuməti və Mədəniyyət Nazirliyi bizə hərtərəfli dəstək göstərir”, – deyə diplomat qeyd edib.

Azərbaycan hökuməti adından Tacikistan hökumətini və tacik xalqını təbrik edən Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev təbrik çıxışında Tacikistanı Dövlət Müstəqilliyinin 35-ci ildönümü münasibətilə səmimi qəlbdən təbrik edib, Tacikistan və Azərbaycan arasında mövcud olan ikitərəfli əməkdaşlığın səviyyəsini yüksək qiymətləndirib və dövlətlərarası dostluq münasibətlərinin və strateji tərəfdaşlığın gələcəkdə daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib.
Nazir deyib ki, Azərbaycan ilə Tacikistan arasında nəqliyyat və rəqəmsal inkişaf sahələrində əməkdaşlıq uğurla inkişaf edir. “Azərpoçt” Tacikistanın bir sıra şirkətlərinə poçt xidmətləri göstərir.

Nazir qeyd edib ki, nəqliyyat sahəsində əməkdaşlığın göstəricilərindən biri də yükdaşımaların artmasıdır.
"Azərbaycan ilə Tacikistan arasında mədəni və turizm əlaqələri də uğurla inkişaf edir. 2024-cü ildə Azərbaycanda Tacikistan Mədəniyyət Günləri, 2025-ci ildə isə Tacikistanda Azərbaycan Mədəniyyət Günləri keçirilib.
Ötən il Tacikistandan Azərbaycana gələn turistlərin sayı iki dəfədən çox artıb. Eyni tendensiya cari ildə də müşahidə olunur. Turizm əlaqələrinin genişlənməsində birbaşa hava reyslərinin də mühüm rolu var.
Hazırda Azərbaycan Hava Yolları tərəfindən Bakı ilə Düşənbə arasında həftədə dörd dəfə müntəzəm uçuşlar həyata keçirilir”, – deyə Rəşad Nəbiyev qeyd edib.

Təntənəli tədbir çərçivəsində qonaqlara Azərbaycan və Tacikistan müğənnilərinin ifalarında tacik xalq mahnıları və rəqslərindən ibarət zəngin konsert proqramı təqdim olunub.

Eyni zamanda, tədbir zamanı milli sənətkarlıq nümunələrinin təqdim olunduğu sərgi təşkil edilib. Sərgidə milli geyimlər, ənənəvi Tacikistan tikmələri – çakan, suzani, popuri, habelə Tacikistan ustalarının əl işləri nümayiş etdirilib. Qonaqlar üçün, həmçinin, milli xörəklərdən və yerli istehsal olan təzə meyvələrdən ibarət Tacikistan süfrəsi açılıb.

Tədbirin qonaqları Tacikistan Respublikasının Dövlət Müstəqilliyi Gününün təntənəli qeyd olunmasından xoş və unudulmaz təəssüratlar əldə ediblər.

Tədbirdə Azərbaycan Respublikasının dövlət orqanlarının nümayəndələri, diplomatik nümayəndəliklərin rəhbərləri, Azərbaycanın siyasi, biznes, elm və mədəniyyət dairələrinin nümayəndələri, parlament deputatları, habelə media nümayəndələri iştirak edib.




Reportyor.az
KARUSEL / SİYASƏT
Tarix: Bu gün, 20:02


























