Ayurveda: Daha sağlam bir dünya üçün Hindistanın qədim həyat elmi

Həyat haqqında biliyə əsaslanan qədim Hindistan elmi
Müasir xəstəxanalar, laboratoriyalar və əczaçılıq sənayesi meydana gəlməzdən çox əvvəl qədim Hindistanda sağlamlıq, xəstəliklər, qidalanma, insan fiziologiyası və fərdlə təbiət arasındakı münasibətlər barədə inkişaf etmiş anlayış formalaşıb.
Bu biliklər sözün əsl mənasında “həyat haqqında bilik” mənasını verən Ayurvedaya çevrildi (Ayus – həyat və Veda – bilik). Onun əsasları Hindistanın qədim intellektual və tibbi ənənələrində öz əksini tapmış və əsrlər ərzində Çaraka Samhita və Suşruta Samhita kimi mətnlər vasitəsilə sistemləşdirilib. Bu mətnlər daxili xəstəliklərin müalicəsi, cərrahiyyə, qidalanma, profilaktik səhiyyə, diaqnostika və sağlamlığın qorunması kimi məsələləri əhatə edirdi.
Ayurveda heç vaxt yalnız xəstəliklərin müalicəsi metodu kimi nəzərdə tutulmayıb. O, sağlamlığa bədən, ağıl, qidalanma, ətraf mühit və gündəlik davranışları əhatə edən tarazlıq vəziyyəti kimi yanaşırdı. Bu vahid yanaşma profilaktik və fərdiləşdirilmiş səhiyyə ilə bağlı müasir müzakirələrdə getdikcə daha çox aktuallıq qazanır. Əhəmiyyətli məqam ondan ibarətdir ki, Ayurveda bu gün yalnız ənənəvi biliklərlə məhdudlaşmır: Hindistanda müasir elmi metodlardan istifadə etməklə Ayurvedik dərman və təcrübələri araşdıran ixtisaslaşmış qurumlar və tədqiqat proqramları yaradılıb. Hindistanın Ayush Nazirliyi Ayurveda və digər Hindistan tibb sistemləri üzrə tədqiqatlardan əldə edilmiş seçilmiş araşdırmaları və sübutları özündə birləşdirən Ayuş Tədqiqat Portalını (Ayush Research Portal) yaradıb. Ümumdünya Səhiyyə Təşkilatı da Ayurveda praktikası və təlimi üçün keyfiyyət, təhlükəsizlik, tənzimləmə və mütəxəssis səriştəsinə xüsusi diqqət yetirən standartlar hazırlayıb.
Elmi tədqiqatlar ayrı-ayrı Ayurvedik preparatları, dərman bitkilərini, qidalanma təcrübələrini və müalicəvi yanaşmaları araşdırmaqda davam edir. Məsələn, 21 mindən çox iştirakçının cəlb olunduğu 199 randomizə edilmiş nəzarətli tədqiqatı əhatə edən sistematik icmal və meta-analiz 2-ci tip diabeti olan insanlarda bir sıra Ayurvedik müdaxilələrin qanda qlükoza səviyyəsinə nəzarətin göstəricilərində yaxşılaşma ilə bağlı sübutlar təqdim edib. Bununla yanaşı, bəzi tədqiqatların keyfiyyəti və hesabatlılığı ilə bağlı məhdudiyyətlərə, eləcə də daha yaxşı hazırlanmış klinik sınaqlara ehtiyac olduğuna diqqət çəkilib. Buna görə də müasir yanaşma Ayurvedanı müasir tibblə qarşı-qarşıya qoymaq deyil, Ayurvedik müdaxilələri ciddi elmi araşdırmalara cəlb etmək və təhlükəsizliyi və effektivliyi sübut edilənləri uyğun səhiyyə şəraitinə inteqrasiya etməkdir.
Qədim Hindistandan dünyaya
Əsrlər ərzində Ayurveda tibb, cərrahiyyə, qidalanma, farmakologiya, profilaktik səhiyyə və sağlam həyat tərzini əhatə edən geniş bilik sisteminə çevrilib. Onun təsiri intellektual, ticari və mədəni mübadilələr vasitəsilə Hindistan yarımadasından kənara yayılıb. Hindistanın dərman bitkiləri və müalicə ənənələri haqqında biliklər Asiya və digər bölgələrdəki tibbi ənənələrlə qarşılıqlı əlaqəyə girib, alimlər, səyyahlar və tələbələr isə Hindistan biliklərinin coğrafi sərhədlərdən kənara ötürülməsinə kömək ediblər.
Bu paylaşma ruhu Ayurvedanın mühüm xüsusiyyətlərindən biri olaraq qalır. Onun bilikləri mətnlərdə qeyd edilib, təhsil müəssisələrində öyrədilib və nəsildən-nəslə ötürülüb, müstəsna və ya gizli ənənə kimi qorunmayıb. Hindistanın yanaşması daim öz biliklərini bəşəriyyətin daha geniş mənafeyi naminə paylaşmaq olub.Bu fəlsəfə Hindistan sivilizasiyasının “Vasudhaiva Kutumbakam” – “dünya bir ailədir” idealı ilə dərindən səsləşir.
Müasir dövrdə Ayurvedanın beynəlxalq əhatəsi əhəmiyyətli dərəcədə genişlənmişdir. Hindistanın Camnaqar şəhərində ÜST-nin Ənənəvi Tibb üzrə Qlobal Mərkəzinin (WHO Global Centre for Traditional Medicine) yaradılması ənənəvi təbabətə artan qlobal marağın, elmi tədqiqatlara, sübutlara, standartlara və məsuliyyətli inteqrasiyaya olan ehtiyacın mühüm göstəricisidir.

Ayurveda müasir dövrdə niyə əhəmiyyətlidir?
Ayurvedanın aktuallığı xüsusilə dünyanın müxtəlif cəmiyyətlərinin həyat tərzi ilə əlaqəli xəstəliklərin artması, hərəkətsiz həyat tərzi, stress, qeyri-sağlam qidalanma vərdişləri və yüksək dərəcədə emal olunmuş qidalara artan məruz qalma ilə üzləşdiyi bir dövrdə özünü göstərir. Müasir səhiyyə böyük nailiyyətlər əldə edib və kəskin, yoluxucu, cərrahi və həyati təhlükəli vəziyyətlər üçün əvəzolunmaz olaraq qalır. Eyni zamanda, profilaktik səhiyyəyə və qidalanma, yuxu, fiziki fəaliyyət, stressin idarə olunması və uzunmüddətli rifaha diqqət yetirən yanaşmalara maraq artır.
Ayurveda bu amilləri öz fəlsəfəsinin mərkəzinə yerləşdirir. Xəstəliyin yaranmasını gözləmək əvəzinə, uyğun qidalanma, gündəlik rejim, fiziki fəaliyyət, yuxu, psixoloji rifah və dərman preparatlarından məsuliyyətli istifadə vasitəsilə tarazlığın qorunmasını vurğulayır. Bitkilərə, otlara, ədviyyatlara, yağlara və digər təbii materiallara verdiyi önəm də təbiətlə sıx əlaqəni əks etdirir.
Bununla belə, Ayurvedada təbii maddələrin ənənəvi istifadəsini hər bir təbii məhsulun avtomatik olaraq zərərsiz olması fərziyyəsindən fərqləndirmək vacibdir. Ənənəvi dərmanlar kimi, Ayurvedik preparatlar da düzgün müəyyənləşdirilməli, istehsal edilməli, dozalanmalı və təyin olunmalıdır. ÜST qeyd edir ki, Ayurvedik dərmanlar çirkləndikdə, saxtalaşdırıldıqda, yanlış müəyyənləşdirildikdə və ya düzgün istifadə edilmədikdə mənfi təsirlərə səbəb ola bilər və buna görə keyfiyyətə nəzarəti və pasiyent təhlükəsizliyini vurğulayır. Bu isə müasir tədqiqatların, standartlaşdırmanın və ixtisaslı mütəxəssis nəzarətinin vacibliyini göstərir.
Ayurveda sağlamlıq ehtiyaclarının geniş spektrində rol oynaya bilər — sağlam həzmi, yuxunu, stressin idarə olunmasını və ümumi rifahı dəstəkləməkdən xroniki xəstəliklər zamanı tamamlayıcı yanaşmalara qədər. 2-ci tip diabet kimi sahələr üzrə aparılan tədqiqatlar ümidverici nəticələr göstərib, lakin sübutların gücü ayrı-ayrı müdaxilələr üzrə dəyişir və daha yüksək keyfiyyətli klinik tədqiqatlara ehtiyac qalır. Mövsümi öskürək və soyuqdəymə kimi geniş yayılmış narahatlıqlarda Ayurvedik ənənələr uzun müddətdir qidalanma, bitki mənşəli vasitələr və həyat tərzi yanaşmalarından istifadə edir; ciddi və ya davamlı simptomlar zamanı isə mütləq müvafiq tibbi qiymətləndirmədən keçmək lazımdır.
Ayurveda və Yoqa: vahid tərəfdaşlıq
Ayurvedanın faydaları Hindistanın digər qədim bilik ənənələrindən biri olan yoqa ilə tamamlanır. Ayurveda sağlamlıq, qidalanma, gündəlik rejim və müalicəvi qayğı üçün çərçivə təqdim etdiyi halda, yoqa fiziki hərəkət, nəfəs təcrübələri, diqqətin cəmlənməsi və zehni tarazlığa töhfə verir. Birlikdə onlar bədən və zehnin qarşılıqlı əlaqədə olan ölçülərini nəzərə alan rifaha vahid yanaşma təklif edirlər.
Yoqanın qlobal populyarlığı Hindistanın profilaktik sağlamlığa dair yanaşmalarının davamlı aktuallığını nümayiş etdirir. Hindistan hökuməti də vahid rifahın bir-birini tamamlayan komponentləri kimi yoqa və Ayurvedanın elmi şəkildə öyrənilməsini və məsuliyyətli şəkildə dünyada yayılmasını təşviq edib.
Azərbaycanda Ayurveda
Ayurveda Azərbaycanda da getdikcə daha əlçatan olur. Shabran Wellbeing Resort-da Hindistandan olan terapevt və həkimlərin iştirakı ilə Ayurveda əsaslı sağlamlıq xidmətləri təqdim edilir. Ayurveda Bakıda Sri Sri Tattva mərkəzində də mövcuddur; burada hindistanlı həkim və mütəxəssislər Ayurvedik və sağlamlıq xidmətlərinin göstərilməsinə töhfə verirlər.
Ayurveda ilə maraqlanan insanlar üçün belə mərkəzlər Hindistanın qidalanma, rifah, terapiya və profilaktik sağlamlıq yanaşmalarını evə daha yaxın məkanda öyrənmək və müalicələrin arxasında dayanan fəlsəfə ilə tanış olmaq imkanı yaradır.

Hindistanın Ayurvedaya yenilənmiş öhdəliyi
Ayurvedaya qlobal marağın yenidən artması Baş nazir Narendra Modi və Hindistan hökuməti tərəfindən güclü şəkildə dəstəklənib. Onun rəhbərliyi dövründə Hindistan Ayush Nazirliyini yaradılıb, Ayurvedaya həsr olunmuş qurumlar gücləndirib, tədqiqatlar və keyfiyyət standartları təşviq edilib, beynəlxalq əməkdaşlıq genişləndirilib və Hindistanın ənənəvi təbabətinin qlobal miqyasda yayılmasını dəstəklənib. Milli AYUSH Missiyası Ayuş səhiyyə xidmətlərini, təhsili, keyfiyyətə nəzarəti və dərman xammalının davamlı mövcudluğunu gücləndirməyə yönəlib.
Hindistan həmçinin ənənəvi təbabət sahəsində, o cümlədən Camnağardakı Ənənəvi Tibb üzrə Qlobal Mərkəz vasitəsilə ÜST ilə sıx əməkdaşlıq edib. Daha yaxın dövrdə Ayuş məhsul və xidmətlərinin keyfiyyəti üçün qlobal meyar kimi nəzərdə tutulan “Ayush Mark” və My Ayush Integrated Services Portal kimi təşəbbüslər keyfiyyətin, standartlaşdırmanın və qlobal əlçatanlığın gücləndirilməsi istiqamətində səyləri daha da artırıb.
Beynəlxalq pasiyentlərin Hindistanın tibb sistemlərinə artan marağını nəzərə alan Hindistan hökuməti 2023-cü ilin avqustunda Ayurveda və digər Hindistan tibb sistemləri üzrə müalicə almaq istəyən xarici vətəndaşlar üçün xüsusi Ayuş Viza (Ayush Visa) kateqoriyasını tətbiq edib. Bu təşəbbüs Hindistana tibbi məqsədli səfərləri asanlaşdırmaq və onun ənənəvi səhiyyə sistemlərini beynəlxalq səviyyədə daha əlçatan etmək məqsədi daşıyır.
Gələcək üçün yaşayan irs
Ayurveda minlərlə il ərzində yaşayıb və inkişaf edib, çünki o, sadəcə dərmanlar toplusundan ibarət deyil — bədən, ağıl, cəmiyyət və təbiətlə harmoniyada yaşamaq fəlsəfəsidir. O, Hindistanın sivilizasiya irsinin mühüm hissəsini və insan rifahı haqqında bilikləri müşahidə etmək, sənədləşdirmək və paylaşmaq ənənəsinin uzun tarixini təmsil edir.
Profilaktik səhiyyəyə, davamlı həyat tərzinə və vahid rifaha getdikcə daha çox diqqət yetirilən bir dövrdə Ayurveda fərqli bir baxış təqdim edir: sağlamlıq sadəcə xəstəliyin olmaması deyil, davamlı tarazlıq vəziyyətidir. Hindistanın bugünkü səyləri bu qədim müdrikliyi qorumaqla yanaşı, onu müasir elmi tədqiqatlara, keyfiyyət standartlarına və məsuliyyətli praktikaya tabe etməkdir ki, onun potensial faydaları Vasudhaiva Kutumbakam – “dünya bir ailədir” ruhunda bütün dünya ilə paylaşıla bilsin.

Dünya 23 sentyabrda 11-ci Ayurveda Gününü qeyd edərkən, Hindistanın Azərbaycandakı Səfirliyi bu münasibətlə Böyük Hindistan Ayurveda Festivalını təşkil edir. Festival çərçivəsində Ayurveda üzrə ekspertlərin çıxışları, pulsuz tibbi məsləhətləşmələr, orijinal Ayurvedik məhsulların nümayişi və satışı, Ayurvedik qidalar, ənənəvi sağlamlıq təcrübələrinə dair interaktiv sessiyalar, həmçinin Hindistan musiqisi və rəqsini nümayiş etdirən mədəni proqramlar təqdim olunacaq.
Abhay Kumar
Hindistanın Azərbaycandakı səfiri
Reportyor.az
KARUSEL / MƏDƏNİYYƏT
Tarix: Bu gün, 15:02


























