mobil versiya

“Ərimi yataqda qızla tutdum, məni ...” - REPORTAJ



25 yaşında sevdiyim adamla ailə həyatı qurdum. Ailəm onunla evlənməyimə razı deyildi, amma mən hər şeyə rəğmən, onu seçdim. Anam vermirdi deyə, qaçdım.

Atam da buna görə küsdü və bir müddət mənimlə danışmadı. Sonra barışdıq. Yoldaşımla çox xoşbəxt idim.
İmkanımız yox idi, bir qarnı ac-bir qarnı tox yaşayırdım.

Anam isə hər dəfə deyirdi ki, səni orada gəlin olmağa qoymayacam. Elə dediyi kimi, ailəmi dağıdıb məni bədbəxt elədi.

Yoldaşıma olmazın sözlər deyirdi, təhqir edirdi. O da axırda bezdi. Hirsini məndən çıxarmağa başladı. Tez-tez döydü, söydü, sonra da uşağımla birgə atıb getdi.

REPORTYOR.AZ xəbər verir ki, həyatı alt-üst olan daha bir qadın öz kədərli taleyini “oxu.az”a danışıb:

Bu gün sizinlə tanış edəcəyimiz qadın 1982-ci ildə anadan olub.

Şərti olaraq qəhrəmanmızı A.R. (ad şərtidir) adlandırıram. O deyir ki, aildədə iki uşaq olublar. Sonbeşik olduğu üçün ata evində bir sözünü iki edən olmayıb.

Valideynləri onu da, qardaşını da əl üstündə saxlayıblar. Orta təhsilli olan A.R. deyir ki, tikiş tikməklə pul qazanıb:

“Təhsil almamışam. Amma tikiş işi əlimdən gəlir. Əvvəl evdə tanışlar üçün paltar tikirdim, kim nə qədər pul verirdisə, min bərəkət deyib, otururdum. Sonra tikiş sexlərindən birində işə düzəldim. Atam mənə dəstək olurdu.

Bir gün işə bir oğlan gəldi. Şalvarının ətəyini kəsdirmək istəyirdi. Elə orada onun məndən, mənim də ondan xoşum gəldi. Danışmağa başladıq.
Bir neçə aydan sonra anama dedim ki, onunla ailə qurmaq istəyirəm. Oğlan kimsəsiz idi deyə, anam razılıq vermədi. Mən də qaçdım”.

“Kirayədə yaşamaq öz evimizdə yaşamaqdan yaxşı idi”

A.R. deyir ki, gəlinlik geyinmək qismət olmasa da, xoşbəxt idi. Bir qarnı ac-bir qarnı tox yaşayan cütlüyün xoşbəxtliyinə isə qızın anası mane olub. O deyir ki, anası onun evinə dava salırdı:

“İmkanımız o qədər az idi ki, yaşadığımız evin vəziyyəti yaxşı deyildi. Anam gəlib görürdü, söz-söhbət edirdi. Altı ay kirayədə qaldıq. Yoldaşım balıqçı idi.

Həftənin iki günü evdə olurdu, qalan günlər dənizdə.

Qazandığı başa-baş, güclə evin kirayə puluna çatırdı. Bir övladımız var idi. Ac olsaq da, anama demirdim. Amma yenə də gəlib yoldaşımı təhqir edirdi, danlayırdı.

Evimizin sirrini heç kimə açmırdım. Anamın etdiklərinə görə yoldaşım məni döyməyə başladı. Bir dəfə də o, məni döyəndə atam bizə gəldi və gördü. Elə o gün onu evdən qovdu və məni evə gətirdi”.

“Yoldaşım mənə dedi ki, get, uşağını aldır... Bizdə alınmaz”

A.R. deyir ki, həyat yoldaşı evdən gedəndə ikinci uşağına hamilə olduğunu öyrənib. Əri onun vəziyyətini nəzərə almayıb.

“Bir uşağımla ata evinə qayıtdım. Sonra hamilə olduğumu bildim. Dedim, həyat yoldaşım bilsə, mənimlə barışar, yenə birlikdə olarıq.
O isə mənə dedi ki, mən uşağı istəmirəm. Get, aldır. Məcbur olub uşağı tələf elədim. Atam mənim üçün yaxınlıqda həyət evi tikmişdi.

Bir yaşlı uşağımla birlikdə orada qaldım. Sonra boşanmaq üçün məhkəmədə görüşdük. Aliment verməsini tələb etdim.

Aliment verməmək üçün atalıqdan imtina etdiyini dedi. O gündən bu günə qədər də maraqlanmadı. Bu yaxınlarda bizi axtarıb. Oğlumun artıq 12 yaşı var. Bundan sonra o bizə lazım deyil”.

“İkinci həyat yoldaşımı məşuqəsi ilə tutdum”

Boşandıqdan sonra hər şeyin bitəcəyini düşünsə də, daha dəhşət günlər elə bundan sonra başladı. A.R deyir ki, uşağı iki yaşını tamamladıqdan sonra yataq xəstəsinə baxıb pul qazanırdı:

“Dolanışığım yox idi. Atam mənim üçün hər şey edirdi, amma utanırdım. Anam imkan vermirdi. Hər şeyi başıma vururdu.

Bir qonşu var idi, dedi ki, yataq xəstəsi var, ona bax. Yaxşı da pul verirlər. Onlarda qalacam deyə atam narazı idi.

Amma pul qazanmaq lazım idi. Uşağı gəlinimizin yanında qoyub işə getdim. Sonra elə oldu ki, o qadın vəfat etdi, qayıtdım evə.
Elə oldu ki, anamın qonşularından biri məni bacısı oğluna istədi. Oğlan maşın yumaqla pul qazanırdı. Məni aldatdılar ki, oğlanın 30 yaşı var.
Nikahı da evdə kəsdilər, hər şeyi özləri elədilər. Sonra bilmişəm ki, onun 25 yaşı var. Məndən balacadır. Bir az ağladım, sonra taleyimlə barışdım. Sonra gördüm ki, mənə yalan danışmağa başlayır.

Bir dəfə, iki dəfə, artıq cana doydum. İl yarımdan sonra bir qızımız olmuşdu. Hər dəfə şirin dilinə salıb barışırdı. Amma dalaşmaqdan yorulmuşdum, qonşuların üzünə baxa bilmirdim”.

“Birinci yoldaşına görə məni qızımın gözü qabağında bıçaqladı”



A.R. deyir ki, yoldaşının evə qız gətirdiyinə görə qonşular ona rişxənd edirmiş. Deyilənlərə inanmasa da, bir gün hər şeyi öz gözü ilə görəndə işin rəngi dəyişib:

“Bir gün evə gələndə eşitdim ki, evdən səs gəlir. İçəri girəndə gördüm ki, yoldaşım bir qadınla çarpayıda sevişir.

Mən bu qızı saçından tutub döyməyə başladım. Qızın kim olduğunu soruşanda dedi ki, birinci həyat yoldaşımdır.

O zaman əvvəl evli olduğunu bildim. Mən onu döyəndə yoldaşım mətbəx bıçağını götürüb mənə üç zərbə vurdu. Gözlərimi açanda xəstəxanada idim.

Həkim dedi ki, uşaqlığımı kəsib götürüblər. Ağır vəziyyətdə qaldım xəstəxanada.

Ondan bir qızım vardı. Anası gəlib yalvar-yaxar elədi ki, oğlumu tutdurma. Mən də polisə heç nə demədim. Şərt qoydum ki, məndən boşanacaq, həyatımdan da çıxacaq, amma aliment verəcək.

Razılaşdılar, mən də sakit durdum. Alimenti də vermədiyi üçün dəfələrlə polis tutur, bir müddət yatır, sonra çıxırdı. Atam məndən çox soruşdu ki, nə olub, necə olub.

Heç boşandığımı da ona bildirmədim. Yoldaşım evə gəlməyəndə soruşurdular hardadır, deyirdim, işdədir. Bir müddət belə dolandım. Amma sonra atam hər şeyi öyrəndi, onda da ürəyi dözmədi, öldü”.

Qadın atasının itkisini heç cür qəbul edə bilmdiyini deyirdi. Onun sözlərinə görə, atası biləndə ki birinci ailəsinin dağılmasına anası səbəb olub, ürəyi dözmədi.

“Atam mənim dərdimə dözə bilmədi, öldü”

“Ölümündən iki gün qabaq atama bütün həqiqətləri dedim, bu gün də peşmanlığını çəkirəm. Atam ölməzdən qabaq məni çağırdı.

Dedi ki, yuxuda görürəm, səni döyürlər, bıçaqlayırlar. Elə bil hiss etmişdi. Mən də açıb bütün olanları atama danışdım.

Çox dərd elədi özünə. Niyə mənə deməmisən deyib, danladı. Üstündən 2-3 gün keçmişdi ki, öldü. Bilirəm ki, atam mənim dərdimə dözməyib, öldü.

Mənim bütün dərd-bəlamın səbəbkarı isə anamdır. Bütün nəslimiz bilirdi ki, başıma gələnlər anamın inadı, kini ucbatından gəlib”.

“Uşaqları at, analıqdan imtina et, səni evə qəbul edim”



Atası öləndən sonra ona baxan olmadığını deyən qadın, polislərə də həqiqəti demədiyini bildirib. O hər şeyin unudulmasını istəsə də, hadisənin balaca şahidi qızcığaz bir neçə dəfə hər kəsin yanında atasının anasını bıçaqladığını dilə gətirib:

“Qızım bir neçə dəfə “ananı ata bıçaqladı” deyirdi. Ağzının üstündən vururdum ki, sus, elə söz demə. O adamın yenidən mənim həyatımda peyda olmasını istəmirdim.

Atam öləndən sonra anam məni çağırıb, şərt kəsdi. Dedi ki, iki uşaqla ortada qalmısan. Analıqdan imtina et, uşaqlarını at, səni evə qəbul edim.
Mən dedim ki, uşaqlarımı ata bilmərəm. Atam dediyi kimi oldu, anam mənə baxmadı. Atamın mənə tikdiyi evdə belə yaşamağa icazə vermədilər.
Məhkəməyə verib, haqqım olanı onlardan alacam. Uşaqlarıma şərait quracam.

Səhhətimlə bağlı işləyə bilmirəm. Sağ olsun, mənə çox kömək oldular. Qonşular fitrəpulu, köhnə geyimlərini verirdilər.

Uşaqlar üşüməsin deyə, geyindirirdim. İndi sığınacaqda qalıram. Üç-dörd aya özümü toplayıb, yenidən tikiş tikməyə başlayacam.

Üç il özüm öz gücümə balalarıma baxdım, yenə baxacam. Allah böyükdür, bir yol tapacam”.

MANŞET / BANNER / KARUSEL / ÖLKƏ / CƏMİYYƏT
Tarix: 11-12-2019, 14:53