mobil versiya

Maskın Bakı Konqresində onlayn çıxışına 40 milyondan çox baxış olub



74-cü Beynəlxalq Astronavtika Konqresinin gündəliyi zəngin oldu. Beş gün ərzində 423 interaktiv təqdimat, 168 texniki, 7 plenar sessiya və 20 qlobal netvörkinq forumu keçirilib.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.
Bildirilib ki, tədbirlərdə kosmosun tədqiqi, kosmosa əsaslanan naviqasiya sistemləri, xidmətləri və tətbiqlərində irəliləyişlər, Yerin müşahidəsi üzrə beynəlxalq əməkdaşlıq kimi bir çox trend mövzularda müzakirələr aparıldı. Bundan başqa, ilk dəfə olaraq Bakı Konqresində ABŞ və Afrikadan olan nümayəndələrlə dəyirmi masaların keçirilməsinə nail olundu.
Bakı Konqresinin zirvə nöqtələrindən biri oktyabrın 5-də “Space X” şirkətinin təsisçisi İlon Maskın tədbirdə onlayn formada çıxış etməsi oldu.
Vurğulanıb ki, İ.Mask Bakı Konqresinin ilk günündə kosmos sahəsindəki nailiyyətlərinə görə Beynəlxalq Astronavtika Federasiyasının “Dünya kosmos mükafatı”na layiq görülmüşdü.
İ.Mask onlayn çıxışı zamanı “SpaceX”in kosmik fəaliyyəti barədə sualları cavablandırdı, hazırda icrası davam edən layihələrinin təfərrüatlarını bölüşdü.
O qeyd etdi ki, “Starship” kosmik gəmisi və “SpaceX”in “Starship” adlanan super ağır raketi ekipajı, həmçinin yükləri Yer orbitinə, Aya, Marsa və ondan kənara daşımaq üçün nəzərdə tutulmuş tamamilə təkrar istifadə edilə bilən nəqliyyat sistemidir.
“Starship” dünyanın indiyə qədər hazırlanmış ən güclü buraxılış aparatıdır, 150 metrik tona qədər tamamilə təkrar istifadə edilə bilən və 250 metrik tona qədər sərf edilə bilən yük daşıya bilir. İ.Maskın sözlərinə görə, “Starship” gəmisi 3-4 ildən sonra Marsa maneəsiz enə, həmçinin kosmik laboratoriya kimi istifadə oluna bilər. Onun kosmosda istənilən müddətdə qalması mümkündür.
Təsadüfi deyil ki, növbəti rekord göstəricini İ.Maskın bu çıxışı qazandı. “X” platformasında onun 60 dəqiqəlik onlayn çıxışının yer aldığı paylaşımına 40 milyondan çox baxış olub.

MARAQLI / KARUSEL
Tarix: 9-10-2023, 17:02