Ən çox milyonçu qazanan və itirən ölkələr – Çin, Britaniya və Hindistandan kütləvi milyonçu köçü baş verir (SİYAHI)
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ardıcıl üçüncü ildir ki, dünyanın müxtəlif yerlərindən ən çox milyonçu cəlb edən əsas ölkədir.
“Henley Private Asset Migration Report”-un hesabatına görə, BƏƏ-nin 2024-cü ilin sonuna kimi 6700-dən çox milyonçu cəlb edəcəyi gözlənilir. Bildirilir ki, BƏƏ-nin nüfuz qazanmasında ölkənin vergi siyasəti, strateji yeri və infrastrukturu təsirli olur. Ölkədə həmçinin istedadlı insanların cəlb edilməsinə yönəlmiş qızıl viza proqramı var. Bu viza növü xarici investorlara, sahibkarlara, ölkəyə sərmayə qoyan ekspertlərə, tələbələrə və tədqiqatçılara uzunmüddətli yaşamaq imkanı verir. İkinci sırada isə Amerika Birləşmiş Ştatlarıdır. Gözləntilərə əsasən, ABŞ ilin sonuna qədər 3800-dən çox milyonçunu ölkəsinə qazandırmağa çalışacaq.
“CNBC”-nin hesabatına görə, 2024-cü ildə ümumilikdə 128 min milyonçunun xaricə köçəcəyi proqnozlaşdırılır. Əvvəlki hesabatda bu rəqəm 120 min milyonçu civarında idi.
2024-cü ildə ən çox milyonçu cəlb edəcək ölkələr aşağıdakılardır:
- Birləşmiş Ərəb Əmirlikləri: 6700+ milyonçu;
- Amerika Birləşmiş Ştatları: 3800+ milyonçu;
- Sinqapur: 3500+ milyonçu;
- Kanada: 3200+ milyonçu;
- Avstraliya: 2500+ milyonçu;
- İtaliya: 2200+ milyonçu;
- İsveçrə: 1500+ milyonçu;
- Yunanıstan: 1200+ milyonçu;
- Portuqaliya: 800+ milyonçu;
- Yaponiya: 400+ milyonçu.
Əvvəllər bütün dünya zənginlərinin ən çox üstünlük verdiyi yerlərdən biri olan Böyük Britaniyadan son vaxtlar milyonçuların kütləvi şəkildə köçü qeydə alınır. Buna ölkədəki iqtisadi və siyasi təlatümlərin təsir etdiyi bildirilir. Çin, Rusiya və Hindistan kimi ölkələr də son dövrlər xeyi milyonçu itirib.
2024-cü ildə ən çox milyonçu itirəcəyi proqnozlaşdırılan ölkələr aşağıdakılardır:
- Çin: 15200;
- Böyük Britaniya: 9500;
- Hindistan: 4300;
- Cənubi Koreya: 1200;
- Rusiya: 1000;
- Braziliya: 800;
- Cənubi Afrika: 600;
- Tayvan: 400;
- Nigeriya: 300;
- Vyetnam: 300. (“AzPolitika.info”)
MARAQLI / KARUSEL
Tarix: 20-06-2024, 15:17