mobil versiya

1-8 yaş qızılcaya ən həssas qrup hesab edilir



Qızılca xəstəliyi hava-damcı yolu ilə yayılan və insan orqanizmində bəzi hallarda ciddi fəsadlar törədən bir virusdur. Hava-damcı yolu ilə keçən qızılcanın inkubasiya dövrü 10-14 gün arasıdır. Qızılca ilə yoluxma bütün yaşlarda baş verə bilər. Yalnız 1-8 yaş ən həssas qrup hesab edilir. Lakin digər yaş qruplarında olan insanlar da qızılca ilə xəstələnə bilər.
Bunu Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun infeksionisti Səbinə Cəfərova deyib.
İnfeksionist bildirib ki, əgər ana qızılca keçiribsə, uşaqlarda 3 aya qədər bir qayda olaraq passiv immunitetin olması səbəbindən körpələr qızılca ilə xəstələnmirlər. Həmin immunitet doqquz ayından sonra itə bilər. Üç aydan bir yaşa qədər uşaqlar əsasən bu hallarda qızılca virusuna yoluxa bilər: ana qızılca xəstəliyini keçirməyib və peyvənd olunmayıbsa. Qızılca peyvəndindən sonra orqanizmdə davamlı (təxminən 10-13 il) bu xəstəliyə qarşı immunitet yaranır.
S.Cəfərovanın sözlərinə görə, xəstəlik insandan-insana keçərək yoluxdurulur. Öskürmə, asqırma, yoluxan şəxslə fiziki təmas xəstəliyin ötürülməsinə səbəb olur: “Qızılcaya yoluxan insan asqırdıqda və öskürdükdə havaya yayılan virus 1 saat havada qala bilər. Qızılca virusu sağlam uşağa keçdiyi zaman boğaz ilə burunun birləşdiyi hissəyə daxil olur və limfa düyünlərinə çatır. Oradan isə qan dövranı ilə bədənə yayılır və müxtəlif orqanlarda hüceyrə sisteminə daxil olub çoxalmağa başlayır”.(azərtac)

SAĞLAMLIQ / KARUSEL
Tarix: 11-12-2023, 13:04