mobil versiya

Baş Prokurorluq həbsdə olan bələdiyyə sədri ilə bağlı məlumat yaydı



Bəzi kütləvi informasiya vasitələrində Binəqədi qəsəbəsi Bələdiyyəsinin sabiq sədri Niyaz Niftiyevin barəsində əsassız olaraq həbs qətimkan tədbirinin seçilməsi və cinayət işi üzrə süründürməçiliyə yol verilməsi barədə həqiqəti əks etdirməyən informasiyalar yayılıb.

REPORTYOR.AZ xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, konkret faktlara əsaslanmayan, dəqiqləşdirilməmiş, ictimaiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət edən həmin məlumatlar tərəfimizdən təkzib olunur: "Bildiririk ki, Binəqədi qəsəbəsi Bələdiyyəsinin sabiq sədri Niyaz Niftiyev 17 yanvar 2020-ci il tarixdən 7 aprel 2020-ci il tarixədək rəhbərlik etdiyi qurumun digər 2 nəfər vəzifəli şəxsi ilə birlikdə qabaqcadan əlbir olaraq koronavirus infeksiyasının (COVİD-19) ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunan xüsusi karantin rejimi qaydalarını pozaraq ayrı-ayrı şəxslərə 24 halda sərbəst hərəkətlərinə icazələrin verilməsi üçün saxta arayışlar vermək müqabilində təkrarən rüşvət alıb, özü üçün qanunsuz üstünlük əldə etməklə vəzifə saxtakarlığı törədib".

Faktla bağlı başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində 18 aprel 2020-ci il tarixdə məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş Niyaz Niftiyevə Cinayət Məcəlləsinin 309.1 (vəzifə səlahiyyətlərini aşma), 311.3.1, 311.3.2 (rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan olunub.

23 dekabr 2020-ci il tarixdə cinayət işi üzrə tərtib edilmiş ittiham aktı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində təsdiq edilərək, iş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hazırda cinayət işi məhkəmə baxışındadır.


SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 22-05-2021, 21:13