Azərbaycanda şagirdin ölüm səbəbi açıqlandı - RƏSMİ
İsmayıllı Rayon Mərkəzi Xəstəxanası XI sinif şagirdi Xəyal Bağıyevin qəfildən vəfat etməsi ilə bağlı məsələyə münasibət bildirib.
REPORTYOR.AZ-ın məlumatına görə, xəstəxanadan "oxu.az"-ın sorğusuna cavab olaraq bildirilib ki, avqustun 5-i gecə saat 22:10 radələrində xəstə 2005-ci il təvəllüdlü Bağıyev Xəyal Vidadi oğlu üçün təcili tibbi yardım stansiyasından evə çağırış verilib:
“İlkin olaraq xəstədə temperaturun 40.1°C-dək yüksəlməsi, halsızlıq, ürəkbulanma, qusma kimi şikayətlər olub. Təcili yardım briqadası gələnə qədər xəstəyə evdə özləri analgin, dimedrol, novokain qarışığı əzələ daxili iynə vurub.
Təcili yardım stansiyasının feldşeri infuziya məhlulunu venaya qoşub və xəstəni Mərkəzi Xəstəxananın Təcili Yardım bölməsinə gətirib. Bölmədə xəstə müayinə olunub, ilkin yardım göstərilib”.
“Avqustun 6-sı, saat 01:00-da xəstənin vəziyyəti stabilləşib, yaxşılaşıb və xəstə evə buraxılmasını tələb edib. Evdə onun vəziyyəti təkrar pisləşib, şəxsi avtomobil ilə 04:15-də təcili tibbi yardım bölməsinə gətirilib. Gəldiyi zaman xəstənin vəziyyəti ağır olub.
Həkim briqadası - reanimatoloq, pediatr növbətçi həkim tərəfindən xəstəyə ilk yardım olunub, lakin aparılan müalicə tədbirlərinə baxmayaraq, xəstə saat 06:30-da vəfat edib”, - deyə məlumatda qeyd edilib.
Qeyd edək ki, ötən gün İsmayıllı şəhər 4 nömrəli tam orta məktəbin şagirdi Xəyal Bağıyevin vəfat etməsi barədə məlumat yayılıb.
SON XƏBƏR / KARUSEL
Tarix: 7-08-2021, 14:00