mobil versiya

DİM sədri: “Qaydalar hər bölmə üçün eynidir, ayrı-seçkilik olmayacaq”




“Bizim imtahanlar üçün qoyduğumuz qaydalar bütün dillər üçün eynidir”.

APA-nın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə onlayn mətbuat konfransında bildirib.

DİM sədri bildirib ki, tətbiq olunan bütün qaydalar hər bölmə üçün eynidir, heç bir ayrı-seçkilik olmayacaq.

“Qiymətləndirmə ədalətli, proqram hamı üçün eyni olmalıdır. Kimsə proqramı tam, kimsə yarımçıq mənimsəyib. Hamı eyni şəraitdədir. Bu, bütün dünyada belədir, təkcə Azərbaycanda DİM üçün deyil”, - deyə o bildirib.

DİM sədrinin sözlərinə görə, qurum üç strategiya üzərində işləyir - imtahanın vaxtını dəyişmək, onlayn imtahan, onlayn olarsa ədalətlilik prinsipini qorumaq.

“Bu variantlar üzərində işləyirik. Güzəşt yoxdur, qaydalar hamı üçün eynidir. Qaydalara dəyişiklik ediləndə bu, hamı üçün olacaq. Hansı proqramı kim necə mənimsəyib, deyə bilmərik, bu məsələlər müzakirə olunub, ictimaiyyətə təqdim ediləcək. Əsas məqsəd indi gəncləri qorumaq və bu işdə hamımız birgə olmalıyıq. Pandemiyadan heç kim gizlənib, qaça bilməz. Elə qərarlar verməliyik ki, imtahanla eyni vaxtda təhlükəsizlik məsələləri də həll olunsun. Dünyada heç kim bununla qarşılaşmamışdı. 1941-ci ildə məktəbi bitirənlər üçün də müharibə başlamışdı. İndi də müharibədir. Bu nəslin taleyinə bu hadisə düşüb. İnanıram ki, bu müharibəni insanlar udacaq”, - deyə o əlavə edib.
SON XƏBƏR / KARUSEL / GÜNDƏM
Tarix: 21-04-2020, 13:07