mobil versiya

Lənkəranskinin qətlinin 4-cü ili və dağılan klan - Beyləqanskidən sonra kim?





Bu həftə Moskva şəhərində azərbaycanlı kriminal avtoritet Hacıbaba Talıbxanlının (Hacı Beyləqanski) məhkəməsi yekunlaşıb. 

Hacı Beyləqanski 2018-ci ilin iyun ayının 1-də Moskvanın mərkəzindəki Qlubokiy pereulok küçəsində yerləşən gürcülərə məxsus “Belıy dom” restoranında saxlanılıb. Bildirilirdi ki, restoranda Beyləqanskiylə bir sıra gürcü oğruların “sxodka”sı keçiriləcəkmiş.

Beyləqanski üçün zirehli maşın və mühafizə

Hacı Beyləqanski 2 il əvvəl Moskvaya təsadüfən gəlməmişdi. Həmin vaxt 2016-cı ilin avqustun 18-də İstanbulda qətlə yetirilən Rövşən Canıyevin (Lənkəranski) Moskvadakı əksər bazarlarını bir neçə kriminal qruplaşmalar ələ keçirməyə çalışırdılar. Beyləqanskiyə yaxın mənbələr iddia edirdilər ki, o, məhz Moskvadakı Lənkəranski tərəfdarlarını toparlamaq üçün Rusiya paytaxtına getmişdi.

O, Moskvaya gələn kimi Lənkəranskinin yaxın qohumu Zaur Əhmədov Beyləqanskiyə mühafizə və Rövşənin zirehli avtomobilini ayırmışdı. Ona Moskvanın şimal-qərb hissəsində böyük bir mənzil də kirayələnmişdi. Rusiya KİV-ləri o vaxt yazırdı ki, Beyləqanski mənzildən çox nadir hallarda çıxırmış. Çıxanda belə zirehli avtomobillə və mühafizəçilərlə gəzirmiş. Rusiya mobil operatorlarına etibar etməyən Beyləqanski rabitə üçün Qazaxıstanın mobil operatorlarının xidmətlərindən istifadə edib.



Həbs və İlqar Cəbrayılovun qətli


Beyləqanskinin həbsi Rusiyada futbol üzrə dünya çempionatı başlamaq ərəfəsinə təsadüf edirdi. Bu səbəbdə  güman olunurdu ki, rəsmi Moskva çempionat keçirilən günlərdə kriminal elementləri  zərərsizləşdirmək istəyir. Amma tezliklə məlum oldu ki, Beyləqanskiyə ağır suçlamalar var və onu tezliklə azadlığa buraxmayacaqlar.

İstintaq Beyləqanskini  2012-ci ilin aprelində  güllələnən İlqar Cəbrayılovun qətlində günahlandırırdı.  İ.Cəbrayılov Aslan Usoyan (Ded Xasan) klanının ən sadiq üzvü olub və 8 il əvvəl Moskavnın mərkəzində güllələnib. Azərbaycanlı biznesmenin Ded Xasanın ən yaxın adamlarından biri olduğu və onun kriminal aləmlə, məmurlarla, hüquq-mühafizə orqanları ilə əlaqələrinə görə cavabdehlik daşıdığı bildirilirdi.
İ.Cəbrayılov paytaxtın “Presnenskiy val” adlanan ərazisində qətlə yetirilib. Şahidlərin sözlərinə görə, onun “Toyota Land Cruiser” markalı avtomobili işıqforda dayananda killer ona yaxınlaşıb. Cinayətkar bir neçə dəfə atəş açdıqdan sonra Belarus vağzalı tərəfdə gizlənib. Aldığı yaralardan Cəbrayılov yerindəcə keçinir. Bundan başqa, onun avtomobilində bir qadın da olubmuş ki, o da killerin hücumu zamanı ağır yaralınıbmış. Beyləqanskini həmin qətldə günahlandırıblar və istintaqa görə, təqsirləndirilən şəxsi həmin cinayəti törətməyə vadar edən onun öz statusunu və kriminal nüfuzunu möhkəmləndirmək istəyi olub.

Rusiya mediası yazır ki, istintaq Beyləqanskini cinayətdə iştirak etdiyini təsdiq edən təkzibedilməz sübutlar əldə edib. Məhkəmınin hökmü ilə Beyləqanski 19 il müddətinə azadlıqdan məhrum edilib.


Beyləqanski Lənkəranski klanına necə qoşulub?

Beyləqanski ilə mərhum Lənkəranskinin  dostluğunun tarixi 2000-ci ilə təsadüf edir. 1982-ci il martın 29-da Beyləqanda anadan olmuş Hacıbaba Talıbxanlı 2000-ci illərin əvvəllərində Moskvaya gedib. Gənc olmasına baxmayaraq, tezliklə ən nüfuzlu “qanuni oğru”ların diqqətini özünə çəkə bilib. Elə Moskvada da Rövşən Lənkəranski ilə tanış olub.

“Qanuni oğru”lar arasında savaş qızışanda Lənkəranski Moskvanı tərk edib Birləşmiş Ərəb Əmirliklərinə köçdü və Hacı Beyləqanski də onunla bərabər bu ölkəyə gedib. Ona “qanuni oğru” adı da Dubayda verilib.

Hacı Beyləqanski azərbaycanlı “qanuni oğru” Nadir Səlifova (Quli Bakinski) qarşı sui-qəsd təşkil etməyə çalışan şəxslər arasında Türkiyədə yaxalanmışdı. Həmin vaxt Lənkəranskinin qardaşı da daxil olmaqla 10-da çox adam  tutulmuşdu. Onların üzərindən silahlar və qumbaralar aşkar edilmişdi. Amma sonradan bütün saxlanılan şəxslər azadlığa buraxıldılar.


Lənkəranskinin 4 il əvvəlki qətli və sonra...


2016-cı ilin avqust ayının 18-də Türkiyədə öldürülən Lənkəranskinin qatili və sifarişçisi 4 il keçməsinə baxmayaraq, bugünə kimi tapılmayıb. Lənkəranskidən sonra onun klanını da kimsə toparlaya bilmədi. Amma bir çoxları onun maliyyə imperiyası uğrunda mübarizəyə qoşulmuşdu. Sirr deyil ki, kriminal aləmdə miras uğrunda mübarizə həmişə olub. Hansısa nüfuzlu "qanuni oğru” adətən, öldürüldükdən sonra onun nəzarət etdiyi maliyyə mənbələri kriminal savaşları alovlandırır.

Lənkəranskinin ölümündən sonra onun mirası uğrunda mübarizənin olacağı da gözlənilən idi. İndiyədək Lənkəranskinin varidatı uğrunda mübarizədə təkcə rəqibləri deyil, vaxtilə onunla birgə olan gürcülər və çeçenlərin də adına rast gəlinir.

Məsələn, bildirilirdi ki, göy bazarına nəzarət uğrunda Merab Suxumski, Türkiyədəki biznesinə  isə çeçen "qanun oğru”  Hüseyn Əhmədov (Kor Hüseyn) iddia edirmiş. Başqa mənbələr Kurşa ləqəbi ilə tanınan "qanuni oğru” Qoça Çinçaridzenin Lənkəranskinin Türkiyədəki aktivlərinə sahiblənəcəyini xəbər verirdi. İtaliyanın maliyyə polisi Lənkəranskinin bu ölkə ərazisində 100 milyon avroya yaxın əmlaka sahib olduğunu xəbər vermişdi.

Lənkəranskinin hotellərinin biri isə çeçen "qanuni oğru” Həmzət Qastəmirovun (Şeyx Həmzət) yaxın adamının adınına rəsmiləşdirildiyi söylənilirdi. Qastəmirov bir neçə dəfə Lənkəranda da olub və  “qanuni oğru”nun məzarını ziyarət edib. Bir neçə gün sonra artıq bu qətlin 4-cü ili tamam olur...//Musavat.com
SON XƏBƏR / BANNER / KARUSEL / HADİSƏ
Tarix: 2-08-2020, 13:00