mobil versiya

Toysuz qalan müğənnilər nə işlə məşğuldur? - "Maddi vəziyyət pis deyil"




"Xalqımın toy kimi bir adəti var" deyiblər. Bu adəti də musiqisiz, rəqssiz düşünmək qeyri-mümkündür. Bəs görəsən qazanc yeri toylar olan ifaçılar karantin müddəti ərzində necə dolanıblar, nə işlə məşğul olublar?

REPORTYOR.AZ xəbər verir ki, redaktor.az bir neçə sənət adamı ilə əlaqə saxlayıb, bu məsələ ilə bağlı fikirlərini öyrənib.

Əməkdar artist Yusif Mustafayev karantin müddətində hər kəs kimi qaydalara əməl etdiyini, evdə qaldığını deyib:

"Ölkənin bu çətin zamanında bir vətəndaş kimi mən də müəyyən qədər yardımlarımı etdim, qaydalara riayət elədim. Maddi baxımdan da çox yaxşıdır hər şey. Belə bir söz var ki, "Ehtiyatlı igidin anası ağlamaz". Müəyyən qənaətlərlə çətin günləri çox yaxşı keçirdim. Tovuz hadisələrinə aid mahnılar oxudum və klip ərsəyə gətirdim. Karantin dövründə öz yaradıcılığımı davam etdirdim".

Karantində öz fəaliyyətini davam etdirən Elvin Mirzəzadə də günlərini belə təsvir etdi: "Əslində davamlı şəkildə işlə məşğul olan insanlara 15, yaxud 20 gün istirahət bəs edir. Ancaq karantin dövrü bir çox insana istirahətin pik həddini yaşatdı, xüsusilə də musiqi sahəsində çalışanlara. Evdə musiqi ilə məşğul olmaq mümkündür, amma insanların qarşısında, səhnədə olmadığın üçün bu işdən çox da zövq almaq olmur. Amma yenə də bu müddət ərzində yeni layihələr hazırladım. Onları ictimaiyyətə təqdim etmək üçün pandemiyanın biraz azalmasını, vəziyyətin normallaşmasını gözləyirəm".

Karantini bəhanə etmədən işinə davam edən digər müğənni Əhməd Mustafayev də deyib ki, yaradıcılığı olduğu kimi davam edir: "Yeni musiqilər, kliplər hazırlamaqda davam edirik. Yaradıcılığı dayandırmırıq. Ümid edirəm ki, vəziyyət çox yaxşı olacaq".
SON XƏBƏR / KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 25-09-2020, 09:02