mobil versiya

Müsadirə olunmuş 4,6 tondan çox narkotik vasitə məhv edilib


Məhkəmələrin qərarları ilə müsadirə olunmuş dörd tondan çox müxtəlif növ narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları aprelin 26-da Sabunçu rayonundakı “Bakı Neft Maşınqayırma Zavodu”nun inzibati ərazisində məhv edilib.
AZƏRTAC xəbər verir ki, narkotiklərin məhv olunması prosesində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun rəhbəri Fəqan Şahverdiyev, Komissiyanın, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Sərhəd Xidmətinin əməkdaşları və KİV nümayəndələri iştirak ediblər.
Ümumilikdə 1964 məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı qəbul olunan 4 ton 646 kiloqram 593,396 qram və 80 min 944 ədəd həb (2 ton 568 kiloqram 614,733 qram heroin, 1 ton 404 kiloqram 411,584 qram marixuana, 228 kiloqram 669,39 qram tiryək, 71 kiloqram 818,847 qram həşiş, 519,114 qram kokain və 75802 ədəd həb metadon, 372 kiloqram 265,438 qram və 5 min 142 ədəd psixotrop maddə) müxtəlif növ narkotik vasitə, psixotrop maddə və 39 min 31 ədəd çətənə bitkisi, həmçinin 77 min 822 ədəd həb, 9 min 122 ədəd kapsul, 29 flakon, 59 ampula, 180,4 qram güclü təsir edən maddələr aidiyyəti təşkilatların və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə yandırma üsulu ilə məhv edilib. Məhv edilən narkotik vasitələrin qara bazar qiyməti 223 milyon manat təşkil edir.
Bu ilin 3 ayı ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 3 min 173 fakt aşkarlanıb. Həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 2 ton 11 kiloqram 394,952 qram müxtəlif növ narkotik vasitə, psixotrop maddə müsadirə edilib. Həmçinin göstərilən dövr ərzində 18 min 403 ədəd metadon və 252 ədəd çətənə bitkisi qanunsuz dövriyyədən götürülüb.
Müsadirə olunan narkotik vasitələrin 575 kiloqram 997,924 qramını heroin, 1 ton 221 kiloqram 854,206 qramını marixuana, 67 kiloqram 73,092 qramını tiryək, 42 kiloqram 555,635 qramını həşiş,102 kiloqram 936,745 qramını psixotrop maddələr, 977,35 qramını digər narkotik vasitələr təşkil edib. Cinayət məsuliyyətinə 1972 nəfər cəlb olunub. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 31 nəfəri xarici ölkə vətəndaşıdır.
Səhiyyə Nazirliyinin məlumatına əsasən, 2022-ci il dekabrın 31-dək respublika üzrə narkomanlıq diaqnozu ilə qeydiyyatda olanların sayı 35 min 97 nəfər təşkil edib. Həmin şəxslərdən 28 min 648 nəfəri dispanser, 6 min 449 nəfəri profilaktik qeydiyyatında olanlardır. Onlardan 572 nəfəri qadındır. 24 min 628 nəfər opioid qrupuna aid narkotik istifadəçiləri, 10 min 469 nəfər kannabinoid qrupuna aid narkotik istifadəçiləridir. 2022-ci ildə müvafiq diaqnozla 3 min 689 nəfər qeydiyyata götürülüb, 3 min 194 nəfər isə qeydiyyatdan çıxarılıb.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqram”ının icrasını daim diqqət mərkəzində saxlayan Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu cari ilin 3 ayı ərzində müasir informasiya texnologiyalarının imkanlarından istifadə edilməklə, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması istiqamətində məqsədyönlü işlər görülüb. Bu sahədə fəaliyyət göstərən qurumların koordinasiyası təşkil edilib, qarşılıqlı əməkdaşlıq nəticəsində ictimai maarifləndirmə işlərinin əhatəsi genişləndirilib.
Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu antinarkotik təbliğat işinin daha da gücləndirilməsi məqsədilə Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatı və “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti ilə birgə, Ədliyyə Nazirliyi Penitensiar Xidməti, Gənclər Fondu və Bakı Şəhəri üzrə Təhsil İdarəsi arasında ayrı-ayrılıqda tədbirlər planları imzalanıb və bu istiqamətdə bir sıra tədbirlər həyata keçirilməkdədir.
Bununla əlaqədar bu ilin yanvar-mart aylarında Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupunun təşkilatçılığı və aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı, eyni zamanda, aidiyyəti qeyri-hökumət təşkilatlarını cəlb etməklə respublika ərazisində 40-a yaxın interaktiv təlim, ictimai mühazirə və maarifləndirmə xarakterli tədbir təşkil olunub.
Bu ilin yanvar-mart aylarında 802 - qaynar xətt telefon zəng xidmətinə 295 vətəndaş müraciəti daxil olub. Onların 45-i narkotik vasitələrin qanunsuz dövriyyəsi, 144-ü narkotik asılılıqdan müalicə, 106-sı isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olub. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 189 məktub ünvanlanıb.

Eyni zamanda 802 - qaynar xətt telefon xidmətinin fəaliyyət istiqamətlərinə dair hazırlanmış videoçarxın, narkomanlığın zərəri barədə “Narkotik sərhədsiz fəlakətdir” və animasiya formatında olan “İçindəki günəşi qoru, narkotikə yox de” adlı sosial çarxların paytaxtın küçə və prospektlərdəki elektron lövhələrdə nümayişi və eyni zamanda televiziya kanallarında yayımlanması təmin edilib.
Bundan əlavə sağlam həyat tərzinin təbliği və narkomanlığın zərəri ilə bağlı sosial maarifləndirmə işinin daha da genişləndirilməsi məqsədilə Dövlət Komissiyasının işçi qrupu tərəfindən üzərində xüsusi şüarlar əks olunan yeni forma və dizaynda sosial lövhələr hazırlanıb.


KARUSEL / CƏMİYYƏT
Tarix: 26-04-2023, 15:06