mobil versiya

XİN-də diplomatik xidmətə qəbul imtahanının ikinci mərhələsinin nəticələri açıqlanıb



Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən sentyabrın 23-də Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul olmaq istəyən namizədlər üçün xarici dil biliyinin “Dinləyib-anlama”, “Oxuyub-anlama”, həmçinin xarici dil və Azərbaycan dillərində analitik yazı bacarıqlarının yoxlanılması hissəsi, sentyabrın 24-də isə danışıq bloku üzrə imtahan keçirilib.
Mərkəzdən bildirilib ki, imtahan iştirakçıları nəticələr, cavab kartı və yazı işlərinin qrafik təsviri ilə DİM-in internet saytında tanış ola bilərlər. Namizədlər imtahanın nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə iş nömrələrini 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Qeyd edək ki, imtahanın ikinci mərhələsinə birinci mərhələdə hər bir tapşırıq bloku üzrə 50 faizdən yuxarı (Çin, ərəb, fars, fransız, ispan, portuqal və ibri dillərini seçən namizədlər üçün isə 40 faizdən yuxarı) nəticə göstərən 140 namizəd buraxılıb.
Xarici dil imtahanının hər iki hissəsində 137 nəfər iştirak edib.
Xarici dil fənni üzrə imtahanın balı həm hər bir bacarıq (“Dinləyib-anlama”, “Oxuyub-anlama”, “Yazı” və “Danışıq”) üzrə ayrılıqda, həm də ümumi imtahan üzrə hesablanır. Bacarıqlar üzrə ballar hesablanarkən, toplanmış xam ballar əmsallara vurulur və toplanır. İmtahan üzrə toplanıla bilən maksimal bal 60-dır.
Azərbaycan dilində “Esse” yazısı üzrə toplanıla bilən maksimal bal 60-dır.
DİM-in saytında müvafiq cədvəldə imtahanın komponentləri, toplana bilinən xam bal, maksimum bal və balların hesablanması göstərilib.
Azərbaycan dilində icra olunan esse tapşırığından 50 faiz (30 bal) və xarici dilin bütün komponentləri üzrə cəmi 60 faiz (36 bal), hər bir komponenti üzrə 20 faizdən (“dinləyib-anlama” və “danışıq” bacarığının hər biri üçün 2 bal, “oxuyub-anlama” və “yazı” bacarığının hər biri üçün 4 bal) az olmayaraq nəticə göstərən namizədlər yazılı imtahanın ikinci mərhələsindən müvəffəqiyyətlə keçmiş hesab olunurlar.
Yazılı imtahanın hər iki mərhələsindən müvəffəqiyyətlə keçmiş və müsahibə mərhələsinə buraxılan iştirakçıların sayı 95 nəfər olub. Hər iki mərhələ üzrə ümumi balın hesablanması imtahanın 1-ci mərhələsi üzrə (maksimum 120 bal), imtahanın 2-ci mərhələsinin “Xarici dil fənni” üzrə (maksimum 60 bal) və Azərbaycan dili üzrə “esse” yazısı üzrə toplanan (maksimum 60 bal) balların cəmlənməsi yolu ilə aparılır.
İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən oktyabrın 18-dən etibarən telefon əlaqəsi vasitəsilə apellyasiya prosesi təşkil ediləcək. Apellyasiya komissiyasına müraciət etmək istəyənlər oktyabrın 13-15-də DİM-in internet saytında elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Bir namizədin ərizəsi (müraciəti) üzrə ən çoxu 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

KARUSEL / CƏMİYYƏT
Tarix: 12-10-2023, 16:10