mobil versiya

İri və xırdabuynuzlu heyvanlar arasında epizootoloji monitorinqlər keçiriləcək


Noyabrın 1-dən 17-dək ölkədə iri və xırdabuynuzlu heyvanlar arasında epizootoloji monitorinqlər keçiriləcək.
“Azərbaycan Respublikasının 2023-cü il üçün epizootiya əleyhinə Tədbirlər Planı”na əsasən keçiriləcək monitorinqlərin məqsədi peyvənd olunduqdan sonra immun fonun təyin olunması və xüsusi təhlükəli xəstəliklərə görə epizootoloji şəraitin öyrənilməsidir.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi xəbər verir ki, monitorinqlər zamanı təsadüfi seçim üsulu ilə müəyyən olunmuş respublikanın 56 rayonunun (şəhərinin) 192 yaşayış məntəqəsinin hər birində heyvan növünə görə 3 fermer və ya ailə təsərrüfatı olmaqla, ümumilikdə 1152 baş iribuynuzlu və 1152 baş xırdabuynuzlu heyvandan diaqnostik qan nümunələrinin götürülməsi planlaşdırılır.
Müayinələrin aparılması üçün götürülmüş nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasına və regional sınaq laboratoriyalarına təqdim olunacaq.
Monitorinqlərdə Qida Təhlükəsizliyi Agentliyinin baytarlıq müfəttişləri və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarələrinin mütəxəssisləri iştirak edəcəklər.


KARUSEL / İQTİSADİYYAT
Tarix: 31-10-2023, 17:14