mobil versiya

De Byazinin hərəkəti ilə bağlı ciddi tədbir görüləcək - AFFA



AFFA milli komandanın baş məşqçisi Canni De Byazinin “Avro-2024”ün seçmə mərhələsinin Belçika ilə səfər oyunundan sonra azərbaycanlı jurnalistlər haqqında işlətdiyi qeyri-etik ifadələrə görə ciddi tədbir görəcək.
Bu barədə milli assosiasiyanın vitse-prezidenti Vaqif Sadıqov məlumat verib.
Onun sözlərinə görə, bunu nəinki italiyalı mütəxəssisə, heç kimə yaraşdırmadığını bildirib: “Onu bu çıxışı etməyə nəyin vadar etdiyini bilmirəm. Amma hesab edirəm ki, tamamilə yanlış addım idi. Heç kimin haqqı yoxdur ki, mətbuat konfransında jurnalistlərə təhqiramiz ifadələr işlətsin. AFFA-nın baş katibi də bununla bağlı jurnalistlərdən üzr istədi. Əminəm ki, bu məsələyə ilə bağlı ciddi tədbir görüləcək”.
Canni De Byazinin milli komandadakı gələcəyinə də toxunan AFFA rəsmisi müqavilənin uzadılıb-uzadılmaması ilə bağlı çox ciddi müzakirəyə ehtiyac olduğunu vurğulayıb: “Potensialı yüksək millimizə hazırda potensialı tükənən baş məşqçi rəhbərlik edir. İcraiyyə Komitəsinin bununla bağlı verəcəyi qərarı gözləyəcəyik”.
Yığmanın Belçikaya 0:5 hesablı məğlubiyyətini də şərh edən V. Sadıqov komandanın seçmə mərhələdə ən zəif oyununu keçirdiyini söyləyib: “Qəbul etmək lazımdır ki, komandamız Belçika kimi güclü rəqiblə oynamağa fiziki və psixoloji cəhətdən hazır deyildi. Amma futbolçuların hər matçda zəif çıxış etdiyini söyləmək də düzgün deyil. Məsələn, İsveçlə oyunda 3:0 hesabı ilə qalib gəldiyimizi də unutmamaq lazımdır. Təəssüf ki, eyni performansı Belçika komandası ilə matçda göstərə bilmədik”.

KARUSEL / İDMAN
Tarix: 20-11-2023, 17:18