mobil versiya

Yaponiya hökuməti ilə növbəti qrant müqaviləsi imzalanıb


 
Yaponiyanın Azərbaycandakı səfiri Vada Cüniçi və “Yardımlı rayonunda ailə sağlamlıq mərkəzinin tikintisi” layihəsinin benefisiar təşkilat qismində çıxış edən Yardımlı Rayon Mərkəzi Xəstəxanası arasında “Ot Kökləri və İnsan Təhlükəsizliyi” üzrə Qrant Yardım Proqramı çərçivəsində qrant müqaviləsi imzalanıb.
Yaponiyanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, Yardımlı Rayon Mərkəzi Xəstəxanasının rəhbəri Rasim Əkbərov və TƏBİB-in nümayəndələri həmin mərasimdə iştirak edib.  
 
Bu layihədə Yardımlı rayonunun Çanaxbulaq kəndində ailə sağlamlıq mərkəzinin tikintisi planlaşdırılır (sahə: 242 m2, 2 ailə həkim otağı, 1 prosedur otağı, 1 hamilə nəzarəti və reproduktiv sağlamlıq otağı, 1 çoxtəyinatlı teletibb otağı, 1 labaratoriya, 1 pediatr otağı, 1 peyvənd və uşaq gözləmə otağı, 1 diş həkimi otağı, 1 mətbəx və istirahət otağı, 1 qarderob, 1 təsərrüfat otağı, 2 sanitar qovşağı). Bu layihənin icrası nəticəsində indiyədək ucqar ərazilərdən rayon mərkəzi xəstəxanalarına getmək məcburiyyətində olan pasientlər (orta və ağır dərəcəli pasiyentlər istisna olmaqla)  yeni tikiləcək ASM-də lazımi tibbi yardımı ala biləcəklər. Beləliklə, hədəf bölgəsi olan 15 kəndin əhalisinin tibbi xidmətə əlçatanlığının daha da yaxşılaşdırılmasının təmin edilməsi gözlənilir. Bu layihənin inşası üçün Yaponiya höküməti 90,000 ABŞ dolları (təqribən 152,100 AZN) məbləğində qrant ayırıb.
Benefisiar təşkilat olan Yardımlı Rayon Mərkəzi Xəstəxanası bölgədə tibb xidmətinin təşkilində mərkəzi rol oynayan və rayon ərazisində yerləşən ilkin tibbi yardım mərkəzlərinin (tibbi məntəqələr, ASM) fəaliyyətinə nəzarət edən dövlət tibb müəssisəsidir. Layihə icra olunduqdan sonra ASM Yardımlı RMX-nın tabeliyinə keçəcək. Yardımlı RMX mərkəzin nəzarətini və fəaliyyətini təşkil edəcək.  
 
Bu gün imzalanmış müqavilə də daxil olmaqla Azərbaycanda “Ot Kökləri və İnsan Təhlükəsizliyi” üzrə Qrant Yardım Proqramı çərçivəsində bu günədək 58 rayonda cəmi 286 qrant müqaviləsi imzalanıb və bu müqavilələrin ümumi qrant məbləği 24,160,000 ABŞ dollarını (40,830,000 AZN) keçir.  

“Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant yardımı” proqramı bilavasitə yerli əhalinin bəhrələnə biləcəyi nisbətən kiçik miqyaslı layihələrin həyata keçirilməsi üçün nəzərdə tutulan iqtisadi yardım proqramıdır. Benefisiar təşkilat olaraq bələdiyyə və yerli icra hakimiyyəti orqanları, təhsil, səhiyyə orqanları və digər qeyri-kommersiya qurumları iştirak edə bilərlər.  

KARUSEL / İQTİSADİYYAT
Tarix: 5-12-2023, 17:23