Mərakeş Özbəkistanda keçirilən İslam Əməkdaşlıq Təşkilatının Turizm Nazirlərinin konfransında iştirak edib
Mərakeş 2 iyun 2024-cü il tarixində Özbəkistanın Xivə şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Turizm Nazirlərinin 12-ci konfransında iştirak edib.
Nazirlərin görüşündən əvvəl İƏT-ə üzv olan ölkələrin yüksək vəzifəli şəxslərinin hazırlıq iclası keçirilib. Bu iclas zamanı ekspertlər baş katibin hesabatını və İƏT-ə üzv olan 57 ölkənin Turizm Nazirləri Şurasına təqdim olunacaq qətnamə layihəsini müzakirə ediblər.
Mərakeşi ölkənin Azərbaycan və Özbəkistandakı səfiri Adil Embarch təmsil edib və o, Mərakeşin turizm məkanı kimi güclü tərəflərini vurğulayıb. Diplomat “COVID-19” böhranı və 8 sentyabr 2023-cü il tarixində Əl-Hauz əyalətində baş vermiş zəlzələdən sonra turizm sektorununda müşahidə olunmuş dayanıqlılıq və uyğunlaşma qabiliyyətini təsvir edib.
A.Embarch zəlzələdən cəmi bir ay sonra Mərakeş şəhərində keçirilən BVF və Dünya Bankının illik görüşlərinə istinad edərək Mərakeşin mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etmək qabiliyyətini vurğulayıb. Onun sözlərinə görə, bu, ölkənin dayanıqlılığını və beynəlxalq tərəfdaşların ona olan etimadını nəzərə çarpdırır.
Səfir Mərakeşin zəngin sivilizasiyasını və onun qlobal miqyasda təsirini nümayiş etdirib. O, 2023-cü ildə Mərakeşin turizm sektorunun güclü artımı haqqında məlumatları təqdim edərək 2023-2026-cı illər üçün yol xəritəsini açıqlayıb. Bu plan ölkəyə 17,5 milyon turist cəlb etmək, 12 milyard dollar gəlir əldə etmək və 200,000 birbaşa və dolayı iş yeri yaratmaq məqsədi daşıyır. Əsas strategiyalara isə infrastrukturun inkişafı, yeni Mərakeş Hava Yolları strategiyası, təkmilləşdirilmiş otel potensialı və insan resursları daxildir.
Cənab Embarch həmçinin 2025-ci il Afrika Millətlər Kuboku, 17 yaşadək qadınlar arasında futbol üzrə dünya çempionatının gələcək buraxılışları və 2030-cu ildə keçiriləcək FİFA Dünya Kuboku kimi qlobal idman tədbirlərinə yönəlmiş əsas infrastruktur layihələrini müzakirə edib.
Konfransın yekununda qəbul edilən qətnamədə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İSESKO) tərəfindən Mərakeş şəhərinin 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtı elan edilməsilə Mərakeş yüksək qiymətləndirilib.
Baş katibin hesabatında Mərakeşin İƏT fəaliyyətlərində fəal iştirakı və üzv ölkələr daxilində turizmin təşviqi və insan resurslarının hazırlanması istiqamətindəki səyləri yüksək qiymətləndirilib.
İki ildən bir keçirilən Turizm Nazirlərinin İslam Konfransı İƏT-ə üzv dövlətlər arasında əməkdaşlığı, turizm axınını, investisiyaları və ticarəti gücləndirmək məqsədi daşıyır. Növbəti sessiya 2026-cı ildə Qətərin paytaxtı Dohada keçiriləcək.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 14-06-2024, 15:39