Xalq şairi Nəbi Xəzrinin anadan olmasının 100 ili tamam olur
Bu gün Xalq şairi Nəbi Xəzrinin anadan olmasının 100 ili tamam olur.
Reportyor.az xəbər verir ki, Nəbi Xəzri 1924-cü il dekabrın 10-da Bakı şəhəri yaxınlığında Xırdalan kəndində anadan olub.
O, Azərbaycan Dövlət Universitetində, Leninqrad Dövlət Universitetində və Maksim Qorki adına Ədəbiyyat İnstitutunda ali təhsil alıb. “Kommunist” qəzeti redaksiyasında və Azərbaycan radiosunda, “Ədəbiyyat və incəsənət” qəzetində, Azərbaycan Yazıçılar İttifaqında, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədrinin, Azərbaycan mədəniyyət nazirinin müavini vəzifələrində çalışıb.
Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqə Cəmiyyətinin Rəyasət heyətinə sədrlik edib, “Azərbaycan Dünyası” Beynəlxalq Əlaqələr Mərkəzi adı altında fəaliyyət göstərən həmin təşkilatın prezidenti olub.
“İllər, sahillər”, “Ulduz karvanı”, “Torpaq, sənə and içirəm”, “Nəsillər-əsirlər” şeirlər kitabları ilə yanaşı, nasir, dramaturq, tərcüməçi və ictimai xadim kimi də fəaliyyəti olub.
Nəbi Xəzri Əməkdar incəsənət xadimi, Xalq şairi fəxri adlarına, bir sıra orden və medallara, o cümlədən Azərbaycan Respublikasının ali dövlət təltiflərinə - “Şöhrət” və “İstiqlal” ordenlərinə layiq görülüb.
Görkəmli şair 2007-ci ildə vəfat edib.
KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 10-12-2024, 10:17