Monteneqroda atışma nəticəsində ölənlərin sayı 12-yə çatıb
Prokuror Monteneqronun cənubunda bir restoranda atışma başlatan silahlının ikisi uşaq olmaqla ümumilikdə 12 nəfəri öldürdüyünü bildirib.
Reportyor.az bu barədə xarici KİV-ə istinadla xəbər verir.
Prokuror Andrijana Nastiç Çetinyedə jurnalistlərə verdiyi açıqlamada çərşənbə günü hücumda ölənlərin sayının ən azı 10 olduğunu deyib: "İkisi uşaq olmaqla on iki nəfər öldürüldü".
Polis cümə axşamı səhər saatlarında bildirib ki, silahlı şəxs başına atəş açaraq ölüb.
Polisin məlumatına görə, qətl hadisəsi çərşənbə günü yerli vaxtla saat 17:30-da cənubdakı Çetinye şəhəri yaxınlığındakı Bajice kəndində başlayıb.
Prokuror bildirib ki, qurbanlar beş fərqli yerdə, ilk dördü restoranda olmaqla öldürülüb.
“Hər bir yerə baxış keçirilib, sübutlar götürülüb. Hadisənin hansı şəraitdə baş verdiyini müəyyən etmək üçün prokuror və polisin tədbirləri davam etdirilir”.
Dörd nəfər də ağır yaralanıb və paytaxt Podqoritsadakı xəstəxanaya çatdırılıb.
Səhiyyə naziri Vojislav Simun cümə axşamı bildirib ki, onlardan üçünün həyatı hələ də təhlükə altındadır.
Polis mütəşəkkil cinayətkar qruplar arasında qarşıdurmanı istisna edib.
Onlar istifadə edilən odlu silahın qanunsuz olduğunu bildiriblər.
Hökumət cümə axşamından etibarən üç günlük milli matəm elan edib.
Kiçik Balkan ölkəsində kütləvi atışmalara nadir hallarda rast gəlinir.
KARUSEL / DÜNYA
Tarix: 2-01-2025, 13:10