Bakıda məşhur rumın bəstəkarı və musiqiçisi Corc Eneskunun xatirəsi yad olunub
Əvvəlki illərdə olduğu kimibu gün də Bakıda məşhur rumın bəstəkarı və musiqiçisi Corc Eneskunun xatirəsi yad olunub.
Reportyor.az xəbər verir ki, görkəmli bəstəkarın Bakının Binəqədi rayonundakı parkında ucaldılmış abidəsi önündə Rumıniya Mədəniyyət Günləri çərçivəsində tədbir təşkil olunub.
Rumıniyanın ölkəmizdəki səfiri Vasile Soare çıxış edərək tədbirin əhəmiyyətindən danışıb. Mədəniyyətin dünya ölkələri arasında körpü rolunu oynadığını bildirib. Diplomat qeyd edib ki, belə tədbirlərin qeyd olunması hər iki ölkənin mədəniyyətini və zənginliyini bəşəriyyətə tanıtdırır.
“Biz hər il bu gün Corc Eneskunun yanında dayandığımız abidəsi önündə toplaşırıq. Bu il həm də Rumıniya Mədəniyyət Günlərini qeyd edirik. Bu il həm də onun vəfatının 70-ci ildönümü qeyd olunur. Corc Eneskunun abidəsi ətrafında çox gözəl park salınıb və biz buna görə Azərbaycan hökumətinə təşəkkür edirik. Bu günü məhz Bakıda qeyd etməkdən çox məmnunuq. Tədbirdə həm azərbaycanlı, həm də rumınyalı nümayəndələrin iştirakı məni qürurlandırır", - deyə diplomat bildirib.
Qeyd edək ki, Corc Enesku Rumıniyada məşhur müsiqiçi, pianoçu, skripkaçı, bəstəkar və müəllim olub. Corc Enesku həm də Rumıniya Bəstəkarlar Cəmiyyətinin təsisçisi və prezidenti olub, antifaşist hərəkatında da çox fəal iştirak edib.
Günümüzdə Corc Enesku Rumıniyanın ən görkəmli bəstəkarı hesab edilir. Yaradıcılığı əsasən Rumıniya xalq musiqisindən ilham alan Eneskunun karyerasının şərəfinə, eləcə də Rumıniya və dünya mədəniyətinə verdiyi töhfələrə görə Buxarest Avropada keçirilən ən böyük müsabiqələrdən birinə - Corc Enesku Beynəlxalq Festivalına ev sahibliyi edir.
Azərbaycanla Rumıniya dövlətlərarası əlaqələrin təzahürü olaraq 2006-cı il oktyabrın 11-də Bakıda müasir rumın milli bəstəkarlıq məktəbinin banisi Corc Eneskunun abidəsinin təntənəli açılışı olub.
Tədbirdə həmçinin, Moldovanın ölkəmizdəki səfiri Aleksandru Esaulenko, Binəqədi rayon icra başçısının müavini Sevinc Süleymanova, yerli mədəniyyət mühitinin nümayəndələri, rayon sakinləri, Bakı Dövlət Filarmoniyasının tanınmış dirijoru, Corc Enesku həvəskarı Fəhrəddin Kərimov və Azərbaycan Yazıçılar Birliyinin məsul katibi, şair Səlim Babullaoğlu və digər çəxslər iştirak edib.
KARUSEL / MƏDƏNİYYƏT
Tarix: Dünən, 17:31