Şahin Mustafayev: Horadiz-Ağbənd dəmir və avtomobil yolunun tikintisi gələn ilədək başa çatdırılacaq

Azərbaycan yaxın qonşuları olan Rusiya və İranla daxili işlərə qarışmamaq şərtilə əməkdaşlıq əlaqələrini daha da genişləndirmək niyyətindədir.
Bu sözləri Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayev Bakıda keçirilən Azərbaycan, Rusiya və İran arasında nəqliyyat, energetika və gömrük sahələrində əməkdaşlıq məsələlərinə həsr olunan üçtərəfli görüşdə çıxış edərkən deyib.
O bildirib ki, Azərbaycan hər iki qonşusu ilə həm üçtərəfi, həm də ikitərəfli formatda əməkdaşlıq əlaqələrini genişləndirmək istəyir.
“Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən 3+3 formatında əməkdaşlıq region ölkələrinin iqtisadi inteqrasiyası üçün daha böyük imkanlar yaradır. “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi region dövlətlərinin iqtisadi inteqrasiyasına böyük dəstək verməklə yanaşı onların inkişafını da təmin edəcək. Dəhlizlə yükdaşıma cari ilin ötən dövrü ərzində 8,3 faiz artıb. Azərbaycan dəhlizin fəaliyyətinin artırılması üçün böyük infrastruktur layihələr həyata keçirib. Astaraçay üzərində avtomobil və dəmir yolu körpüləri tikilib, İranın Astara şəhərində tikintisi Azərbaycan tərəfindən həyata keçirilən Cənub Yük Terminalı yekunlaşmaq üzrədir. Horadiz-Ağbənd dəmir və avtomobil yolunun tikintisinin isə gələn ilədək yekunlaşdırılması planlaşdırılır”, - deyə Ş. Mustafayev qeyd edib.
Baş nazirin müavini vurğulayıb ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi həm Şərq-Qərb, həm də Körfəz ölkələri ilə Qara dənizi əlaqələndirəcək.
Şahin Mustafayev həmçinin, Orta Dəhlizin əhəmiyyətinə də toxunub: “2022-ci ildən etibarən Orta Dəhlizlə həyata keçirilən yükdaşımaların həcmi təxminən 90 faiz artıb. Dəhliz üzrə tranzit müddətləri isə nəzərəçarpacaq dərəcədə azalıb”, - deyə baş nazirin müavini vurğulayıb. (Azərtac)
KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 11:37