VI Məhəmməd Qülləsinin açılışı olub: Mərakeşin gələcəyə yönəlmiş baxışının simvolu

Məralkeş Kralı VI Məhəmməd tərəfindən 1 noyabr 2018-ci il tarixində rəsmi təməli qoyulandan təxminən səkkiz il sonra qüllə istifadəyə verilib.
Ötən həftə keçirilən açılış mərasiminə Əlahəzrət Vəliəhd Şahzadə Moulay El Hassan sədrlik edib.
Rabat və Sale şəhərləri arasında, Bureqreq çayı sahilində ucalan 250 metrlik bu göydələn hazırda Mərakeşin ən hündür binasıdır.
İspaniyalı memar Rafael de la Hoz və mərakeşli memar Hakim Benjellounun birgə layihələndirdiyi bu tikilinin arxasında aydın bir vizyon dayanırdı: Mərakeşin yüksəlişini simvolizə edən raketvari siluet. 55 mərtəbədən və 102 800 kvadrat metrdən çox sahədən ibarət qüllə geniş spektrli funksiyaları özündə birləşdirir: bura yüksək səviyyəli ofis sahələri, lüks yaşayış mənzilləri, "Waldorf Astoria" brendi altında fəaliyyət göstərən dəbdəbəli otel, rəsədxana, sərgi zonaları, restoranlar, konfrans zalı və sənət qalereyası daxildir. Çay üzərindəki ponton isə Bureqreqdən birbaşa girişi təmin edir.
"BESIX-TGCC" konsorsiumu tərəfindən inşa edilən bina "Qabıq & Əsas" (Shell & Core) konsepsiyasına əsaslanır; burada texniki sistemlər kənara sürüşdürülmüş nüvədə mərkəzləşdirilib ki, bu da şimal fasadında geniş, açıq və təbii işıqlı məkanların yaradılmasına imkan verib. Cənub fasadı isə günəş enerjisi istehsal edən və istilik səmərəliliyini artıran 3900 kvadratmetrlik fotovoltaik panellərdən ibarət ikiqat örtüklə təchiz olunub. Bu ekoloji yanaşma sayəsində qüllə "LEED Qızıl" (LEED Gold) və "HQE Müstəsna" (HQE Exceptional) sertifikatlarına layiq görülüb.
60 kilometr məsafədən görünən qüllə Atlantik okeanına və Bureqreq çayının hər iki sahilinə panoramik mənzərə təqdim edir. Binanın yuxarı mərtəbələrində iki xüsusi məkan yerləşir: 50-ci mərtəbədə mühüm tarixi yerləri rəqəmsal senoqrafiya ilə nümayiş etdirən rəsədxana, 51-ci mərtəbədə isə ərəb-əndəlüs qızıl dövrünün astronomiya elminə həsr olunmuş "Səma ərəbcə danışır" adlı daimi sərginin nümayiş olunduğu 22 metr hündürlüyündəki şüşə "kokpit" yer alır.
Qüllədə həmçinin 143 mərakeşli və beynəlxalq rəssamın 7000-ə yaxın əsərindən ibarət geniş sənət kolleksiyası saxlanılır. Fransız interyer memarı Pier-İv Roşonun rəhbərliyi altında xüsusi dizayn edilmiş mebellər, monumental heykəllər, freskalar və incə gips xəttatlıq nümunələri ənənəvi Mərakeş sənətkarlığı ilə müasir dizaynı bir araya gətirir.
Rabatın Böyük Teatrı və "Al Boraq" yüksəksürətli dəmir yolu xətti arasında strateji mövqedə yerləşən VI Məhəmməd Qülləsi sürətlə transformasiya olunan şəhər landşaftının mühüm hissəsidir.
Reportyor.az
KARUSEL / İQTİSADİYYAT
Tarix: 28-04-2026, 16:39



























