Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə indiyədək neçə nəfər məskunlaşıb?

Artıq ikinci ildir ki, Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü qeyd olunur.
Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günü təntənəli şəkildə qeyd edilir.
İqtisadçı deputat Vüqar Bayramov deyib ki, uzun müddət işğal altında qalan bu yaşayış məntəqələrimiz artıq inkişaf mərhələsinə qədəm qoyub. İntensiv məskunlaşma nəticəsində Qarabağda yaşayan, işləyən və təhsil alan vətəndaşlarımız sayı artmaqdadır. Hazırda 100 minə yaxın vətəndaşımız işğaldan azad olunan ərazilərdə yaşayır. Onların 40 mini keçmiş məcburi köçkünlərdir.
Şəhər gününü qeyd edəcəyimiz Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə indiyədək neçə nəfər məskunlaşıb?
Hazırda işğaldan azad olunan ərazilərimizdə 9858 keçmiş məcburi köçkün ailəsi məskunlaşıb. Ağdərə rayonunda 965 ailə və ya 3763 keçmiş məcburi köçkün vətəndaşımız yaşayır. Onlardan 550 nəfəri Aşağı Oratağ kəndində, 204 nəfəri Çapar kəndində, 165 nəfəri Çıldıran kəndində, 205 nəfəri Heyvalı kəndində, 1180 nəfəri Həsənriz kəndində, 175 nəfəri Kolatağ kəndində, 592 nəfəri Suqovuşan kəndində, 90 nəfəri Talış kəndində və 602 nəfəri isə Vəngli kəndində məskunlaşıb.
Xankəndi şəhərində 542 nəfər nəfər, Kərkicahan qəsəbəsində isə 210 nəfər məskunlaşıb. 4993 nəfərin məskunlaşdığı Xocalı rayonunun Ballıca kəndində 1096 vətəndaşımız yaşayır. Xocalı şəhərində isə 651 nəfər məskunlaşıb. 4265 keçmiş məcburi köçkün vətəndaşımız isə Xocavənd rayonuna geri qayıdıb.1706 nəfərin məskunlaşdığı Xocavənd şəhəri ilə yanaşı Qırmızı bazar qəsəbəsində intensiv məskunlaşma müşahidə edilir. Artıq sözügedən qəsəbənin 951 nəfər sakini var.
Yalnız bu ilin ilk 8 ayında işğaldan azad edilmiş ərazilərə 3350 ailə və ya 13778 nəfər köçürülmüşdür. Bu isə intensiv məskunlaşmanın bu ildə də davam etdiyindən xəbər verir.
Böyük Qayıdış Proqramına əsasən, işğaldan azad olunan ərazilərimizdə məskunlaşma davam etdirilir. İşğal nəticəsində dağıdılan və baxımsız bölgəyə dönən Qarabağ artıq regionun əsas inkişaf mərkəzlərindən birinə çevrilməkdədir.
Reportyor.az
KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 09:43


























