mobil versiya

17 yaşlı qız nişanlısını atıb başqası ilə yaşadı, sonra ondan qaçıb Bakıda “TikTok”çu oldu - FOTO + TƏFƏRRÜAT



Bu ilin 9 may tarixində Göyçay rayonunun XXXX kəndində 2002-ci il təvəllüdlü Fatimə Muradovanın (ad və soyadlar şərtidir) evdə boğularaq qətlə yetirilməsi faktı ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

REPORTYOR.AZ publika.az-a istinadla xəbər verir ki, Fatiməni qətlə yetirən dayısı, 1989-cu il təvəllüdlü Vasif Babayev barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) və 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri üzrə Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Rafail Əliyevin sədrliyi ilə keçirilən prosesdə bir sıra maraqlı faktlar üzə çıxıb.

İstintaq zamanı müəyyən edilib ki, Fatimə Muradova 2019-cu ildə məktəbi bitirdikdən sonra nişanlanıb və nişanlısı ona telefon hədiyyə edib. Lakin o, nişanlandıqdan 1 ay sonra telefonda tanış olduğu Tərtər rayon sakininin yanına qaçıb və bir neçə ay orada yaşayıb. 2019-cu ilin noyabr ayında isə o, Tərtərdə qeyri-rəsmi nikahda yaşadığı şəxsi ataraq xəbərsiz şəkildə itib. Həmin vaxt polis Fatiməni itkin düşmüş şəxs kimi axtarıb və bu barədə saytlarda da elanlar verilib. Bir müddət sonra Fatimənin Bakıda yaşadığı, “TikTok” sosial şəbəkəsində müxtəlif əxlaqsız videolar paylaşdığı, müxtəlif şəxslərlə birgə yaşadığı məlum olub. 2021-ci ildə isə o, Göyçaya dayısının evinə gedib. Qətl hadisəsi də bundan sonra baş verib.

İstintaqa ifadə verən təqsirləndirilən şəxs bacısı qızının hərəkətləri ucbatından biabır olduqlarını, onun heç cür islah olmadığını, evdə qohumlarının yanında, azyaşlılarla birlikdə olarkən də söyüşlə danışdığını, əxlaqa sığmayan hərəkətlər etdiyini bildirib. Qətlə yetirilən qızın atası və anası da deyilənləri təsdiq edib və V.Babayevdən şikayətçi olmadıqlarını bildiriblər.



32 yaşlı, 3 azyaşlı uşaq atası olan Vasif onu da bildirib ki, hadisə baş verməmişdən bir gün əvvəl, yəni mayın 8-də bacısına onun qızını öldürmək fikrində olduğunu deyib. Hərəkətlərinə davam edən qız isə dayısında onu öldürməyə cürətin olmadığını deyərək onu ələ salıb. Həmin gün hamamda yuyunduqdan sonra evdə doğmalarının yanında hamam xalatı ilə gəzən, ailə üzvlərinə açıqca hörmətsizlik edən gənc qız gecə saatlarında telefonda tanış olduğu oğlanla danışaraq onu sabahısı gün Lahıca, oradan da Bakıya aparmasını deyib. Gecə saat 3-dək Fatimənin yatmadığını görən Vasif səhər saat 6 radələrində onun artıq yatdığını görərək otağına daxil olub və qızı yatdığı yerdə boğaraq öldürüb. Daha sonra hadisə yerinə gələn Fatimənin anası huşunu itirərək yıxılıb. Bundan sonra Vasif Babayev qızı qaz sobası olan otağa apararaq onun guya dəm qazından boğularaq ölməsi təsəvvürünü yaratmağa çalışıb və təcili tibbi yardıma müraciət edilib. Lakin az sonra törətdiyi əməlin üstünün açılacağını düşünən şəxs onu qətlə yetirdiyini etiraf edib.
Məhkəmədə ifadə verən şəxslər V.Babayevin dediklərini təsdiq ediblər. Fatimənin yanına qaçdığı Tərtər sakini isə bildirib ki, Fatimə ilə sentyabrda “Instagram”da tanış olub və daha sonra o, qaçaraq Tərtərə onun yanına gəlib. Bir müddət sonra isə Fatimə gecə saatlarında evdən qaçıb və yalnız 1 ay yarımdan sonra onun Bakıda olmasını “TikTok”dan öyrənib. O, daha sonra bildirib ki, ailəsi Fatiməni tapdıqdan sonra onun yanına qaytarmaq istəsə də, Fatiməni qəbul etməyib və onunla birlikdə ailə kimi yaşaya bilməyəcəyini deyib.

Şəki Ağır Cinayətlər Məhkəməsi Fatiməni qətlə yetirən 32 yaşlı dayısının 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsinə və cəzasını ciddi rejimli müəssisədə çəkməsinə qərar verib.
MANŞET / SON XƏBƏR / BANNER / KARUSEL / HADİSƏ
Tarix: 8-12-2021, 21:00