mobil versiya

"Övladlarınızın sağlamlığına son dərəcə diqqətli olun" - Səhiyyə Nazirliyinin mütəxəssisi



Peyvənd üçün müraciət edən uşaq son 3 gündə qızılca xəstəsi qızılca xəstəsi ilə sıx təmasda olubsa və peyvənd göstərişi varsa, 72 saat ərzində vaksinasiya ola bilər.
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov Səhiyyə Nazirliyinin rəsmi İnstaqram hesabında deyib. Bir daha valideynlərə səslənən T.Eyvazov onlara övladlarının sağlamlığına son dərəcədə diqqətli olmağa çağırıb: "Uşaqlarının qızılcadan qorunması, yoluxma hallarının qarşısının alınması məqsədilə mütləq olaraq 1 və 6 yaşlarında 2 dəfə peyvənd etdirsinlər. Müəyyən səbəblərdən peyvəndin 1-ci dozasını vaxtında almayan uşaqlar dərhal vaksinasiya olunmalıdı. Usaqlarımız 6 yaşına çatdıqda isə peyvəndin 2-ci dozası vurulmalıdır. Bir sıra səbəblərdən peyvəndin 2-ci dozasını vaxtında almayan 10 yaşa qədər uşaqlar mütləq peyvəndin 2-ci dozasını almalıdırlar. Bəzi hallarda isə peyvəndin hər iki dozasını vaxtında almayan 10 yaşa qədər uşaqlar var. Belə halda minimum 4 həftə intervalla peyvəndin 1-ci və 2-ci dozası vurulmalıdır.
Valideynlərin nəzərinə çatdırım ki, uşaqlarının vaksinasiyası üçün onların yaşayış yeri üzrə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrinə müraciət etsinlər”.
Qeyd edək ki, Səhiyyə Nazirliyinin məlumatına əsasən son aylarda digər ölkələrdən gətirilmə hadisələrlə əlaqəli qızılcaya yoluxma halları Azərbaycanın müxtəlif regionlarında infeksiyanın yerli yayılmasına səbəb olub. Ölkə ərazisində qeydə alınmış qızılca hadisələri arasında bəzən risk qrupuna aid uşaqlarda ağırlaşmalar, yanaşı bakterial infeksiyaların inkişafı, gecikmiş müraciətlər və ya yanlış diaqnostika hallarına rast gəlinir.
Uşaqların sağlamlığının qorunması və yoluxma hallarının qarşısının alınması məqsədil ilə ölkədə qüvvədə olan “Profilaktik peyvəndlər təqvimi”nə əsasən 1 və 6 yaşlarında olan bütün uşaqlar 2 dəfə qızılca, epidemik parotit və məxmərək infeksiyalarına qarşı vaksinasiya olunmalıdırlar.

SAĞLAMLIQ / KARUSEL
Tarix: 6-12-2023, 15:50