Azərbaycana meymunçiçəyi virusunun müayinəsi üçün testlər və xəstəliyə qarşı lazımi dərman preparatları gətirilib
Meymunçiçəyi əlamətləri təbii çiçək xəstəliyinə oxşayan viruslu zoonozdur. Lakin kliniki olaraq təbii çiçək xəstəliyindən daha yüngül keçir. İnfeksiyanın rezervuarına bir sıra gəmiricilər və insana bənzəməyən primatlar daxildir.
Məlumat verildiyi kimi, ölkəmizdə meymunçiçəyi infeksiyasına yoluxma halı qeydə alınmasa da, infeksiyanın yayılmaması məqsədilə bütün ilkin profilaktik tədbirlər aidiyyəti qurumlar tərəfindən icra olunur. Ümumilikdə hazırda Azərbaycanda digər infeksiyalar da nəzərə alınmaqla epidemioloji durum sabitdir. Ölkəmizə meymunçiçəyi virusunun laborator müayinəsi üçün testlər və xəstəliyə qarşı lazımi dərman preparatları gətirilib. Meymunçiçəyi virusuna qarşı vaksinlər isə az miqdarda istehsal olunur və yalnız bu virusa endemik ölkələrə paylanılır.
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib. O qeyd edib ki, virusun ötürülməsi xəstə heyvan, insan və ya virusla çirklənən materiallarla təmas yolu ilə keçir: “Viruslar bədənə zədələnən dəri, nəfəs yolları və ya selikli qişalarla (ağız, burun, göz) daxil olur. Heyvandan insana isə dişləmə, cırmaqlama, ov ətinin yeyilməsi, bədən mayeləri ilə birbaşa və yara materialları ilə dolayı yolla keçir. Xəstəliyin insandan insana, ilk növbədə, iri respirator damcılarla keçdiyi düşünülür. Yoluxma üçün uzunmüddətli və sıx təmas olmalıdır.
Xəstəliyin gizli dövrü adətən 5-21 gün olduğu hesablanıb. 5 günədək davam edə bilən başlanğıc dövrdə qızdırma, şiddətli baş ağrısı, limfa düyünlərinin böyüməsi, bel və əzələ ağrıları, bəzən kataral və mədə-bağırsaq əlamətlərinə rast gəlinir. Temperaturun başlamasından 1-3 gün sonra təbii çiçəyi xatırladan xarakterik qovucuqlu səpgilər yaranır. Bu səpgilər üz nahiyəsindən başlayır və bədənin digər nahiyələrinə keçir. Ölüm hallarının tezliyi 0-10 faiz arasında dəyişir”, - deyə infeksionist bildirib.
Risk qrupuna daxil olanlar barədə məlumat verən T.Eyvazov deyib: “Risk qrupları arasında azyaşlı uşaqlar, hamilə qadınlar, immundefisitli şəxslər xüsusi yer tutur. İnfeksiyanın profilaktikası qeyri-spesifik (qoruyucu, gigiyenik qaydalara əməl olunması) və spesifik (vaksinasiya) tədbirlərdən ibarətdir. Əsas məqamlardan biri də xəstələrin vaxtında aşkar edilərək təcrid olunmasıdır”.
Qeyd edək ki, meymunçiçəyi ilk dəfə 1958-ci ildə Danimarkada tədqiqat məqsədləri üçün istifadə edilən meymunlarda aşkar edilib. 1970-ci ildə Konqo Demokratik Respublikasında 9 aylıq bir uşaqda görülən virus "insanlardakı ilk meymunçiçəyi diaqnozu" olaraq qeydə alınıb. Həmin dövrdə virusun yayılması Qərbi və Mərkəzi Afrika ölkələri ilə məhdudlaşırdı.
Afrika İttifaqının Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (Afrika CDC) tərəfindən paylaşılan məlumatlara görə, Afrikanın 13 ölkəsində meymunçiçəyi virusuna yoluxma halları aşkar edilib.
Bu ölkələr Cənubi Afrika, Keniya, Ruanda, Uqanda, Konqo Demokratik Respublikası, Burundi, Mərkəzi Afrika Respublikası, Konqo Respublikası, Kamerun, Nigeriya, Kot-d'İvuar, Qana və Liberiyadır.
Afrika CDC 13 Afrika ölkəsində yoluxma sayının 17 min 541, xəstəlik səbəbi ilə qeydə alınan ölüm göstəricisinin isə 517 olduğunu açıqlayıb. Virus səbəbindən qeydə alınan ölümlərin 97 faizi Konqo Demokratik Respublikasında baş verib.
Meymunçiçəyi Afrika qitəsindən kənarda üç ölkədə görülüb. İlk dəfə 2024-cü ildə İsveç, Avstraliya və Pakistanda aşkarlanan meymunçiçəyi virusuna bu günə qədər Avstraliyada 93, Pakistanda 3 və İsveçdə 1 yoluxma halının olduğu bildirilib.(azərtac)
SAĞLAMLIQ / KARUSEL
Tarix: 19-08-2024, 12:42