mobil versiya

Sərt karantin rejimi bu halda tətbiq oluna bilər - AÇIQLAMA




"Vaksinasiya prosesi davam edir, qarşıda da bizi yaz fəsli gözləyir. Bu baxımdan hesab edirəm ki, maska taxsaq, sosial məsafə gözləsək, tələb olunan qaydalara riayət etsək, vəziyyət daha da yaxşılaşa bilər".

REPORTYOR.AZ xəbər verir ki, bu sözləri "Yeni Müsavat”a infeksionist İlham Bayramov bildirib.

Onun sözlərinə görə, gün ərzində açıq havada çox olmaq, qidaya diqqət etmək çox önəmlidir: "Doğrudur, ötən gün gündəlik yoluxma sayı 300 nəfərə çatmışdı. Lakin bu say o qədər də çox deyil. Əgər yoluxma sayı 4000 nəfərə çatarsa, bu zaman sərt karantin rejimi ola bilər.

Lakin vəziyyətin bu həddə çatacağını ehtimal etmirəm. Müşahidələrim əsasında onu deyə bilərəm ki, indi koronavirusa yoluxma olsa da, kliniki çox yüngül keçirilir. Hər halda, edilən müraciətlərdən bunu görürük. Son zamanlar, ümumiyyətlə, müraciət edənlərin də sayı xeyli azalıb. Daha bir məsələ, indi koronavirusun simptomları əsasən mədə-bağırsaqda özünü göstərməyə başlayıb”.

Digər infeksionist Nazxanım Qasımova mövzu ilə bağlı bunları qeyd edib: "Əgər son günlər ölkədə gündəlik yoluxma sayında nisbətən artım varsa, deyə bilərəm ki, bu normal haldır. Təbii ki, karantin rejimində bir sıra məhdudiyyətlər aradan qalxdıqca, yoluxma sayında da artım olur. Çünki vaksinasiya prosesi hələ tam başa çatmayıb, əhalinin müəyyən qismi vaksinasiya olunmayıb.

Yaxın on gün ərzində yoluxma sayının 1000-1500 nəfərə qədər çatacağı haqda proqnoz vermək bir qədər yanlışdır. Yəni nə qədər artım olacağını əvvəlcədən dəqiq proqnozlaşdırmaq olmur. Bunu yalnız zaman göstərəcək. Əlbəttə ki, proqnozlar düz çıxarsa, yenidən karantin qaydaları sərtləşdirilə bilər. Lakin bir daha qeyd edirəm ki, bunu zaman göstərəcək. Həm də yaza doğru gedirik. Adətən virus qış aylarında daha aktiv olur. Bu baxımdan, yenidən sürətlə artım olacağını demək bir qədər yanlış olar”.

Nazxanım Qasımova əlavə vaksinlərin ölkəyə gətirilməsinin hansı problemlər yarada biləcəyi haqda isə bunları bildirdi: "Hazırda dünyada əsasən 5 növ vaksin var. Onlar tərkibinə və hazırlanma qaydasına görə bölünüb. Vaksinlərin bir qismində xəstəliyə səbəb olmadan çoxala bilən zəifləmiş virus formasından istifadə edilir. Digər, inaktiv vaksinlərdə isə genetik materialları məhv edildiyinə görə çoxala bilməyən, lakin immunitetin reaksiyasına səbəb ola bilən viruslardan istifadə olunur.

”CoronoVac" pediatrik peyvəndlər kimi inaktiv üsulla hazırlanıb. Peyvənd bədənə vurulduqda immun sistemi potagenə qarşı tez və yetərli reaksiya verir. Bununla da vaksin vurduran insanın orqanizmi virusla qarşılaşdıqda onun immun sistemi virusu tanıyır və bədəni qoruyur. Həmin şəxs xəstələnsə belə yüngül keçirir. Aparılan araşdırmaların nəticəsinə görə, inaktiv vaksinin tərkibində insan orqanizmi üçün zərərli maddələr yer almır. Vaksinin hər bir komponenti 3 mərhələdə test edilib".

Tibbi ekspert əlavə edib ki, bu günə qədər vaksinlə bağlı heç bir mənfi nəticə əldə edilməyib: "Yəni vaksinlərin tərkiblərində bir qədər fərq var, onun hansı ölkədə istehsal olunmasının heç bir fərqi yoxdur. Hesab edirəm ki, Çinin istehsal etdiyi "CoronaVac” vaksini mövcud beş vaksin arasında ən yaxşılarından biridir. Ümumiyyətlə, bütün vaksinlərin öz təsiri var, əgər belə olmasaydı onlar istehsal olunmazdı. Beləliklə, "CoronaVac" vaksini Çində istehsal olunduğu üçün o qədər də keyfiyyətli deyil" fikri çox yanlışdır. Məlum olduğu kimi, Çin dünya ölkələri arasında iqtisadiyyatı inkişaf etmiş ən güclü ölkələrdən biridir. Məqsəd vaksinin təsiridir.

Hətta Türkiyədə də bu vaksindən istifadə olunur. Bildiyiniz kimi, Türkiyədə bir neçə vaksin sınaqdan çıxarılıb və sonda "CoronaVac” vaksininin üzərində dayanıblar. Başqa vaksinləri almaq istəməyimiz onunla bağlı deyil ki, Çin vaksini keyfiyyətsizdir. Sadəcə, bütün ölkəni əhatə etmək üçün məcburən digər firmaların da vaksinlərinə ehtiyac duyulacaq. Çünki vaksini istehsal edən şirkətlər bunu müəyyən say əsasında hazırlayır. Təkcə Azərbaycan deyil, bütün dünya ölkələri bacardıqları qədər çoxlu sayda vaksin alıb, bütün ölkə əhalisini vaksin etdirmək istəyir.

Əminəm ki, necə ki, Azərbaycan dünyada vaksinasiya prosesi başlayan zaman çox qısa bir müddət ərzində bu prosesə start verdi, eləcə də bu məsələnin öhdəsindən tezliklə gələcək. Biz inkişaf etmiş, yeni sənaye ölkəsi olmasaq da vaksinasiya prosesinə başlayan ilk ölkələr sırasındayıq. Necə başlamışıqsa, sonrakı proseslər də o cür idarə olunacaq. Beləliklə, hesab edirəm ki, əlavə vaksinlərin ölkəmizə gətirilməsinin ləngidilməsi problemlərə səbəb olmayacaq, bu məsələ də lazımi qaydada tənzimlənəcək".
SON XƏBƏR / BANNER / KARUSEL / GÜNDƏM / ÖLKƏ
Tarix: 5-03-2021, 11:47