Bakı neft istehsalını bu qədər azaldacaq
Azərbaycan “OPEK plus”un gündəlik neft istehsalının 2 mln. barrel azaldılması qərarını dəstəkləyib.
Bu barədə Axar.az-a Energetika Nazirliyindən bildirilib.
Belə ki, Neft İxrac edən Ölkələr Təşkilatına (OPEK) üzv və qeyri-üzv ölkələrin nazirlərinin Vyanada keçirilən 33-cü iclasında 2022-ci ilin noyabrından gündəlik xam neft hasilatının 2 mln. barrel azadılması ilə bağlı qəbul edilmiş qərara Azərbaycan da razılıq verib.
Qeyd edək ki, “Əməkdaşlıq Bəyannaməsi”nin iştirakçı ölkələrinin bu yeni öhdəlikləri cari ilin avqust ayındakı kvotalarına nəzərən müəyyənləşdirilib. Razılaşmanın müddəti 2023-cü ilin 31 dekabr tarixinədək uzadılıb.
Yeni qərara əsasən, Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barrel təşkil edir. Beləliklə, “OPEK plus” razılaşması 2022-ci ilin noyabrından etibarən ölkəmizdə gündəlik xam neft hasilatının avqust ayındakı səviyyədən, yəni 717 min barreldən azaldılaraq 684 min barrel həcmində saxlanılmasını nəzərdə tutur.
“OPEK plus”un növbəti görüşü cari ilin 4 dekabrına təyin edilib.
İQTİSADİYYAT
Tarix: 7-10-2022, 14:33