mobil versiya

ICESCO “Gənclər İli” elan edib


İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim Əl-Malik təşkilatın “Gənclər İli” elan etdiyini və bu çərçivədə tədbirlərə start veriləcəyini bildirib.
AZƏRTAC təşkilatın baş ofisinə istinadla xəbər verir ki, ICESCO-nun yaydığı bəyanatda deyilir: “Təşkilatımız Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin himayəsi altında “Gənclər ili” elan etməkdən məmnunluq duyur. Bir il davam edəcək bu təşəbbüs tezliklə Misirdə təşkil olunacaq açılış mərasimi ilə başlayacaq. “Gənclər İli” çərçivəsində geniş spektrli təşəbbüslər və fəaliyyətlər təşkil olunacaq, üzv ölkələrin gənclərinin tədbirlərə cəlb olunması təmin ediləcək”.
ICESCO-nun Baş direktoru Salim Əl-Malik bildirib ki, təşkilatın 2021-ci ilin dekabrında Qahirədə keçirilən Baş Konfransının 14-cü sessiyası zamanı İslam dünyasında təhsilə və istedadlara dəstək Fondunun yaradılması, ICESCO-ya üzv dövlətlərdən olan gənclər üçün özəl universitetlərdə təqaüdlərin verilməsi barədə qərar qəbul olunub. O, “Gənclər İli” ilə bağlı ətraflı proqramın rəsmi açılış zamanı elan ediləcəyini diqqətə çatdırıb və əlavə edib ki, bu təşəbbüs gənc nəsli gələcək peşələr üçün lazımi bacarıqlarla təchiz etmək və onlara qlobal texnoloji irəliləyişlərlə ayaqlaşmaq imkanı yaradacaq. Baş direktor vurğulayıb ki, birgəyaşayış, sülh və sivilizasiyalararası dialoq kimi dəyərlərin möhkəmlənməsində gənclərin rolunun artırılması davamlı inkişafa nail olmaq və daha yaxşı gələcək qurmaqda mühüm amildir.
Qeyd edək ki, ICESCO üç il əvvəl yaradılmış öz vizyonu və strateji istiqamətlərinə uyğun olaraq gənclərə xüsusi önəm verir və onların bacarıqlarının artırılmasına yönəlmiş bir sıra iddialı proqram və layihələri Azərbaycanda, həmçinin digər üzv dövlətlərdə təhsil, elm və mədəniyyət üzrə milli komissiyalarla əlaqələndirərək həyata keçirir. Bu təşəbbüslər arasında Gənc Peşəkarlar Proqramı (YPP), Sülh və Təhlükəsizlikdə Liderlik Təlimi (LTIPS), model peyk dizaynı (CanSat) seminarları, texnologiya və innovasiya sahəsində layihələrin yaradılması və inkişafı üçün gənclərin təlimi və dəstəklənməsi proqramı da var.



KARUSEL / CƏMİYYƏT
Tarix: 11-05-2023, 17:40