HƏMAS ABŞ və İsrail kəşfiyyatından necə yayınıb? – CNN maraqlı faktlar açıqladı
Radikal HƏMAS qruplaşması oktyabrın 7-də İsrailin cənubuna hücumu planlaşdırmaq üçün iki ildən çoxdur Qəzza zolağının altındakı tunellərdə sabit telefon xətlərindən istifadə edib.
“AzPolitika.info” xəbər verir ki, bu barədə CNN telekanalı öz mənbələrinə istinadən məlumat yayıb. Mənbələr bildiriblər ki, bunun sayəsində İsrail kəşfiyyat xidmətləri yaraqlıları dinləyə bilməyib, nəticədə uzun müddət ərzində danışıqların məxfiliyi qorunub.
Kanal qeyd edir ki, cihadçı təşkialt üzvləri İsrail və ya Amerika kəşfiyyat orqanları tərəfindən aşkarlanmamaq üçün iki il ərzində kompüter və ya mobil telefonlardan da istifadə etməyib.
İsrailin Birləşmiş Ştatlarla paylaşdığı kəşfiyyat məlumatları göstərir ki, HƏMAS əməliyyat planını köhnə əks-kəşfiyyat tədbirləri ilə gizlədir. Məsələn, üzbəüz görüşlər keçirmək və israillilərin izləyə bilmədikləri stasionar telefon xətlərindən istifadə etməklə. Bütün bunlar İsrail kəşfiyyatını təəccübləndirib.
Oktyabrın 7-də HƏMAS və İslami Cihad radikal qruplaşmalarının İsrailin cənubuna hücum etməsi zamanı 1400 nəfər həlak olub, üç mindən çox yaralı var. Qəzza zolağında 200-dən çox adam girov saxlanılır. İsrail hücuma cavab olaraq cihadçılara qarşı “Dəmir Qılınclar” əməliyyatına başlayıb.
Fələstin tərəfinin məlumatına görə, İsrailin hücumları nəticəsində beş mindən çox qəzzalı həlak olub, yaralıların sayı isə 15 mini keçib.
BMT İsrailin blokadasına görə Qəzzada humanitar böhran elan edib. Lakin keçən həftə ABŞ və Misir Rəfah keçidi vasitəsilə sektora humanitar yardımın çatdırılması barədə razılığa gələ bilib. İlk 20 yük maşını Qızıl Ayparanın müşayiəti ilə oktyabrın 21-də keçid məntəqəsindən keçib.
KARUSEL / DÜNYA
Tarix: 25-10-2023, 17:16