mobil versiya

QMİ-nin sədri Əbu-Dabidə dünya dini liderlərinin sammitində iştirak edib


Noyabrın 6-da Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə həzrətləri Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində BMT Ətraf Mühitin Mühafizəsi üzrə COP 28 çərçivəsində dünya dini liderlərinin qlobal sammitində iştirak edib.
QMİ-nin Mətbuat Xidmətindən verilən xəbərə görə, BƏƏ-nin Prezidenti Şeyx Məhəmməd Bin Zayed Al Nəhyanın himayəsi altında təşkil olunan tədbir “Birləşmiş dini liderlər Planetin dirçəlişi naminə” şüarı altında keçirilir.
Açılış mərasimində beynəlxalq siyasi və ictimai dairələrinin nümayəndələri, ənənəvi və dünya dinlərinin liderləri, o cümlədən BƏƏ-nin tolerantlıq və birgəyaşayış naziri Şeyx Nəhyan Bin Mübarək Al Nəhyan, Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pyetro Parolin, Əl-Əzhərin baş imamının müavini Məhəmməd Əl-Duveyni, Ekumenik Patriarx Varfolomey, Qazaxıstan Respublikası Parlamenti Senatının sədri Maulen Aşimbayev, ICESCO-nun baş direktoru Səlim Əl-Malik, Dünya Kilsələr Şurasının Baş katibi Cerri Pillay, Süryani Kilsəsinin Patriarxı II İqnatius Afrem, Bəhreynin Xarici İşlər nazirinin müavini, Kral Həməd adına Birgəyaşayış Mərkəzinin direktoru Şeyx Abdullah Əl-Xəlifə, həmçinin digər görkəmli siyasi, ictimai və din xadimləri iştirak ediblər.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam A.Paşazadə açılış iclasındakı çıxışında tədbir iştirakçılarına Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin salamlarını çatdırıb. O, ətraf mühitin qorunması üzrə BMT sammiti ərəfəsində Əbu-Dabidə keçirilən Dünya Dini liderləri forumunun xüsusi əhəmiyyətini vurğulayaraq deyib ki, COP 28 qlobal iqlim dəyişikliyi problemlərinin həllində dövlət və din nümayəndələrinin birgə əməkdaşlığının praktiki təzahür etdiyi səmərəli beynəlxalq platforma olaraq daha artıq dəyər və fayda kəsb edəcək.
Şeyxülislam A.Paşazadə həmçinin, qeyd edib ki, bu gün Azərbaycan dövləti işğaldan azad olunmuş Qarabağda şəhər və kəndləri bərpa edir, dağıdılmış məscid və digər dinlərə məxsus məbədləri yenidən inşa edir, insanlarımızın dədə-baba yurdlarına qayıdışı üçün infrastrukturun qurulması prosesində ekoloji tarazlığın bərpası yönündə genişmiqyaslı layihələr gerçəkləşdirir.
Forum çərçivəsində Şeyxülislam A. Paşazadə dünyanın tanınmış din və ictimai xadimləri ilə bir sıra görüşlər keçirib. Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Parolin ilə görüşdə Şeyxülislam Azərbaycan ilə Vatikan arasında əlaqələrin inkişafı məsələlərini müzakirə etmiş və QMİ tərəfindən Azərbaycanın ərazi bütövlüyü bərpa edildikdən sonra regionumuzda mövcud vəziyyət barədə Vatikan üçün hazırlanmış xüsusi arayışı ona təqdim edib.

QMİ-nin sədri Müsəlman Ağsaqqallar Şurasının baş katibi cənab Məhəmməd Əbdüssalam ilə də görüşüb. Tədbirin əhəmiyyətini vurğulayan cənab Əbdüssalam Şeyxülislam Allahşükür Paşazadənin sammitdə iştirakını yuksək dəyərləndirib və onu dinlərarası harmoniyanın və dialoqun görkəmli təmsilçilərindən biri adlandırıb. QMİ-nin sədri, həmçinin Qazaxıstan Parlamenti Senatının sədri cənab Aşimbayev, Ekümenik Patriarx Varfolomey, Ümumdünya Kilsələr Şurasının baş katibi cənab Cerry Pillay, Ümumdünya Süryani kilsəsinin Patriarxı II İqnatius Afrem, İSESCO-nun baş direktoru cənab Səlim əl Malik və digər şəxslərlə də görüşüb.
Dini liderlər iqlim dəyişikliyi ilə bağlı dünya ictimaiyyətini təcili tədbirlər görməyə çağırıblar. Dünya dinlərinin nümayəndələri gələn ay keçiriləcək COP28 iqlim sammitində siyasi liderləri iqlim dəyişikliyi böhranına təcili cavab vermək üçün mənalı tədbirlər görməyə çağırıblar.
Müsəlman, xristian, yəhudi, buddist, induist, bəhai, mindai-sabei, siqh, hindu dinlərinin liderləri, eləcə də digər dini təriqətlərin nümayəndələri BMT COP28 Sammitinə ünvanlanan, Yer kürəsinin qorunması, təbiətlə harmoniyada yaşamağın vacibliyi, yeni təhlükələrin yer aldığı müasir dünyada iqlim dəyişikliyi ilə mübarizədə qətiyyətli addımlar atmağa çağıran müraciət imzalayıblar. Bu müraciət BMT COP 28 dövlət başçılarının sammit iştirakçılarına təqdim olunacaq.
7 noyabr tarixində Dinlərarası Forum öz işini davam etdirib.


KARUSEL / CƏMİYYƏT
Tarix: 7-11-2023, 14:49