mobil versiya

Sahibkarlığın İnkişafı Fondu vasitəsilə faiz subsidiyalarının verilməsi qaydası təsdiqlənib


Prezident İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının 2024-cü ildə Azərbaycan Respublikasında təşkili ilə əlaqədar həyata keçiriləcək layihələr çərçivəsində sahibkarlara kredit təşkilatları tərəfindən verilmiş kreditlər üzrə faizlərin subsidiyalaşdırılması haqqında fərman imzalayıb.
Fərmana əsasən, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının 2024-cü ildə Azərbaycan Respublikasında təşkili ilə əlaqədar həyata keçiriləcək layihələr çərçivəsində sahibkarların rezident banklar və bank olmayan kredit təşkilatlarından (bundan sonra – kredit təşkilatları) manatla aldıqları kreditlərə hesablanmış faizlər Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu vasitəsilə subsidiyalaşdırılır.
“Sahibkarlara kredit təşkilatlarından manatla aldıqları kreditlər üzrə Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu vasitəsilə faiz subsidiyalarının verilməsi Qaydası” təsdiq edilir.
Müəyyən edilir ki, subsidiya sahibkarlar tərəfindən 2024-cü il yanvarın 1-dən dekabrın 1-dək kredit təşkilatlarından manatla alınan kreditlərə hesablanmış faizlərə görə verilir.
Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etməlidir.
İqtisadiyyat Nazirliyi bu fərmanla təsdiq edilən Qaydaya uyğun olaraq Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu vasitəsilə faizlərin subsidiyalaşdırılmasını təşkil etməli, bu fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
Maliyyə Nazirliyi bu fərmana uyğun olaraq Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu vasitəsilə ödəniləcək faizlərin subsidiyalaşdırılmasını təmin etmək məqsədilə tələb olunan vəsaitin 2025-ci ildən başlayaraq dövlət büdcəsində nəzərdə tutulması üçün tədbirlər görməlidir.
Dövlət Turizm Agentliyi bu fərmanla təsdiq edilən Qaydada nəzərdə tutulan təsdiqedici sənədin formasını və verilməsi qaydasını 10 (on) gün müddətində təsdiq etməlidir.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 1-02-2024, 20:40