mobil versiya

Molla Nəsrəddin haqqında film çəkiləcək



Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 2023-cü il oktyabrın 14-də Şuşa şəhərində keçirilmiş I Türk Dünyası Mədəniyyət Forumunda TÜRKSOY-a üzv ölkələrin Mədəniyyət Nazirləri Daimi Şurasının 40-cı iclasında TÜRKSOY ölkələrinin dəstəyi ilə “Molla Nəsrəddin. Çətin günlərimin dostu” adlı tammetrajlı bədii filmin (quruluşçu rejissor Xalq artisti Vaqif Mustafayev) birgə istehsalı qərara alınıb.
Nazirlikdən verilən xəbərə görə, filmin çəkilişlərinin Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Türkmənistan və Qırğızıstan ərazisində aparılması və hər bir ölkədə həyata keçiriləcək çəkilişləri həmin ölkənin maliyyələşdirməsi ilə bağlı razılığa gəlinib.
Eyni zamanda, 2024-cü ilin yanvar ayında “Molla Nəsrəddin. Çətin günlərimin dostu” filminin istehsalına hazırlıqla bağlı Bakıda TÜRKSOY ölkələrinin əlaqədar qurumlarının nümayəndələrinin koordinasiya toplantısı keçirilib və filmin istehsalı ilə bağlı müzakirələr aparılaraq razılaşmalar əldə edilib.
Filmin türk dövlətləri kinematoqrafçılarının iştirakı ilə həyata keçiriləcək istehsalına Azərbaycan tərəfdən məsul qurum olan “Nasreddin Production” şirkəti tərəfindən istehsalın ilkin hazırlıq işləri görülüb, çəkilişlər aparılacaq türk dövlətlərində məkanların seçilməsi, yaradıcı heyət üzvlərinin müəyyən olunması, geyim və rekvizitlərin hazırlanması və s. istiqamətlərdə bir çox işlər həyata keçirilib.
Türk dövlətləri arasında ortaq mədəni dəyərlərə söykənən “Molla Nəsrəddin. Çətin günlərimin dostu” bədii filminin istehsalı ilə əlaqədar hazırda layihədə iştirak edən ölkələrlə əlaqələndirilmiş şəkildə işlər davam etdirilir.
TÜRKSOY-un Baş katibi Sultan Raev “Molla Nəsrəddin. Çətin günlərimin dostu” filmi haqqında fikirlərini bölüşərkən deyib ki, Molla Nəsrəddin türk dünyası tarixin ən böyük layihələrindən biridir.
“Burada bütün türk dövlətləri iştirak edəcəkdir. Molla Nəsrəddin bizim – türk dünyasının ortaq dəyəridir. Bu hadisə türk dünyasının tarixində böyük hadisədir”, – o əlavə edib.
Filmin rejissoru Xalq artisti Vaqif Mustafayev filmin çəkilməsi planının Şuşada qərarlaşdırıldığını deyib:
“Bu o deməkdir ki, bu layihə çox möhtəşəm layihə olacaq. Fəxr edirəm ki, belə bir layihənin rejissorluğunu həyata keçirəcəyəm. Mən söz verirəm ki, bütün səylərimi səfər edəcək, sizə layiqli bir film təqdim edəcəyəm”.
Filmin çəkilişlərinin avqustda başlanması planlaşdırılır.

KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 2-05-2024, 16:25