Ərəb Dövlətlərindən Azərbaycana gələn turistlərin sayında yenidən artımlar var
Bu ilin ilk yarısında Azərbaycana gələn turistlərin sayı 34.0 faiz artaraq 1 milyon 231 minə çatıb. Bununla bağlı Dövlət Sərhəd Xidməti məlumat yayıb. Gələnlərin 29,2 faizi Rusiya, 17,3 faizi Türkiyə, 9,7 faizi Hindistan, 8,7 faizi İran, 4,1 faizi Gürcüstan, 3,2 faizi Səudiyyə Ərəbistanı, 3,1 faizi Qazaxıstan, 2,5 faizi Pakistan vətəndaşları olub.
İqtisadçı Vüqar Bayramov deyir ki, yarım ilin turizm yekunlarının təhlili bir sıra vacib məqamları üzə çıxarır. Birincisi, Azərbaycana gələn hər 10 turistdən 1-i Hindistan vətəndaşıdır. İkincisi, mənşə olaraq gələn turistlər arasında ən çox artım da Hindistanın payına düşür. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə Hindistandan gələnlərin sayı 2,5 dəfə, Cənubi Koreyadan - 2,4 dəfə, Çindən - 2,3 dəfə, İspaniyadan - 1,8 dəfə, Qazaxıstandan - 1,8 dəfə, Səudiyyə Ərəbistanından - 1,7 dəfə, Filippindən - 1,6 dəfə, Qırğızıstandan - 1,6 dəfə, Omandan - 1,6 dəfə, İrandan - 1,5 dəfə artıb. Digər ölkələr üzrə artımlar faizlə ifadə olunur.
Üçüncüsü, region olaraq körfəz ölkələri artım faizinə görə öndədir. Yəni, Ərəb Dövlətlərindən Azərbaycana gələn turistlərin sayında yenidən artımlar var. Belə ki, sözügedən müddətdə körfəz ölkələrindən gələnlərin sayı 49.0, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 30.0, MDB ölkələrindən gələnlərin sayı isə 22,3 faiz artıb. Nəhayət, həmin müddətdə turizm balansında müsbət saldo qeydə alınıb. Belə ki, Azərbaycana gələnlərin sayı xaricə gedənlər ilə müqayisədə 236 min nəfər çox olub.
Turizm neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektordur. Pandemiyadan öncə illik turizm gəlirləri 2.7 milyard dollara yaxın idi. Bu sektor həmçinin məşğulluğa da xüsusi töhvə verir. Bu baxımdan, turizm infrastrukturunun daha da inkişaf etdirilməsi və qiymətlərin optimallaşdırılması Azərbaycana daha çox turistin gəlməsinə imkan yarada bilər. 2024-cü ilin ilk yarısında ölkəmizə gələn turistlərin sayında artım müşahidə olunsa da, daha qısa zamanda pre-pandemiya göstəricilərinə çatmaq prioritet olaraq qalmaqdadır.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 23-07-2024, 11:41