Ölkədə metrodan istifadə edənlərin sayı artıb
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 6,2 faiz artıb.
Reportyor.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, metrodan istifadə edən sərnişinlərin sayı 188,9 milyon nəfərə çatıb.
Bundan başqa, cari ilin 10 ayında nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 115,1 milyon ton yük, 1495,7 milyon sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 8,4 faiz və 9,5 faiz artım qeydə alınıb. Sərnişinlərin 95,3 faizi avtobus, 4,7 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 16,6 faiz, sərnişin dövriyyəsi isə 10,8 faiz artıb.
Eyni zamanda bu ilin yanvar-oktyabr aylarında hava nəqliyyatı ilə 3369,6 min və ya 39,5 faiz çox sərnişin daşınıb, daşımaların 99,9 faizi dövlət, 0,1 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib. Bu nəqliyyat növü ilə yükdaşıma 17,6 faiz artaraq 341,2 min ton olub.
KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 17:03