“Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
![](/uploads/posts/2025-02/1739357370_1739357307596.png)
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən fevralın 15-16-da Bakıda növbəti “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq.
Reportyor.az xəbər verir ki, bu həftə yarmarkada 20-dən artıq rayondan 50-dən çox fermerin iştirakı gözlənilir. Fermerlər 150-dən artıq çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər.
Yarmarka Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (metronun “Gənclik” stansiyasının çıxışı, Atatürk parkının qarşısı) ünvanında keçirilir və burada satışa çıxarılan məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edir. Vətəndaşlar yarmarkada fəaliyyət göstərəcək Səyyar Qida Laboratoriyasının xidmətlərindən də faydalana biləcəklər.
Yarmarkanın keçirilməsində əsas məqsəd yerli fermerlər üçün alternativ satış kanalı yaratmaq, həmçinin şəhər sakinlərini təbii və sağlam kənd məhsulları ilə dolğun şəkildə təmin etməkdir.
Qeyd edək ki, “Kənddən Şəhərə” həftəsonu yarmarkalarında iştirak etmək istəyən fermerlər +994 50 400 88 99 çağrı mərkəzi ilə əlaqə saxlaya və ya yarmarkanın sosial şəbəkə hesabları üzərindən müraciət edə bilərlər. Yarmarkalarda iştirak tamamilə ödənişsizdir. Burada fermerlər piştaxta, tərəzi, soyuducu və digər ləvazimatlarla təchiz olunmaqla, öz məhsullarını şəhər sakinlərinə təqdim edə bilərlər.
KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 14:59