mobil versiya

WUF13-lə bağlı xüsusi minmə-enmə zonası və parklanma sahəsi təşkil olunur



Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) zamanı tədbir məkanında bir neçə əsas zonada nəqliyyat qovşaqları təşkil ediləcək.

Bu barədə WUF13 dövründə nəqliyyatın idarə olunması planının təqdimatına həsr olunmuş brifinqdə WUF13 Azərbaycan Əməliyyat Şirkətinin nəqliyyat şöbəsinin müdiri Vüqar Aslanov məlumat verib.

Onun sözlərinə görə, yaradılacaq qovşaqlar müxtəlif funksional zonaları əhatə edəcək. Bunlara avtobus dayanacaqları, parklanma sahələri, taksi minmə-enmə zonaları, icazəli parklanma sahələri və xidməti avtobuslar üçün ayrılmış ərazilər daxildir.

“Avtobus dayanacaqlarından bütün nəqliyyat mübadilə mərkəzlərinə birbaşa hərəkət edən avtobusların minmə və enmə əməliyyatları həyata keçiriləcək. Parklanma əraziləri isə avtobusların marşrutlara yönləndirilməzdən əvvəl saxlanılması və hazırlıq vəziyyətinə gətirilməsi üçün nəzərdə tutulub. Taksi minmə-enmə zonası (sarı sahə) qonaqların taksi və şəxsi avtomobillərlə gətirilməsi, düşürülməsi üçün təşkil olunub. İcazəli parklanma sahəsi (mavi zona) yalnız xüsusi buraxılış sənədi olan işçi heyətin istifadəsinə verilib. Xidməti avtobus zonası isə dövlət qurumlarının və podratçı şirkətlərin əməkdaşlarının daşınması üçün ayrılıb. Nəqliyyat qovşağı ümumilikdə dörd giriş nöqtəsi ilə fəaliyyət göstərəcək. Bunlara avtobuslar üçün xüsusi giriş, VİP icazəli nəqliyyat vasitələri üçün giriş, taksi və icazəsiz nəqliyyat vasitələrinin sərnişin düşürmə zonası, eləcə də ümumi nəqliyyat axınının tənzimlənməsi üçün nəzərdə tutulan giriş daxildir”, - deyə Vüqar Aslanov vurğulayıb.
Qeyd olunub ki, ərazidə ümumilikdə 271 dayanma nöqtəsi yaradılıb və qonaqlar üçün 3–5 dəqiqəlik gözləmə imkanı təmin ediləcək: “Həm fərdi taksilər, həm də “Baku Taxi” xidmətinə aid nəqliyyat vasitələri bu zonalarda sərnişinlərin minmə-enmə əməliyyatlarını həyata keçirə biləcək”. (Azərtac)

Reportyor.az 




KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 12:46