Qazaxıstan və Azərbaycan miqrasiya sahəsində əməkdaşlığı gücləndirəcək

Qazaxıstan Respublikasının Azərbaycandakı Səfiri Alim Bayel Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin Rəisi Vüsal Hüseynov ilə görüşüb.
Görüş zamanı Səfir Qazaxıstan ilə Azərbaycan arasında strateji əməkdaşlığın yüksək səviyyədə olduğunu, iki dövlətin prezidentləri arasında fəal siyasi dialoq və müntəzəm qarşılıqlı səfərlər sayəsində bu əməkdaşlığın ardıcıl şəkildə möhkəmləndiyini qeyd edib.
Alim Bayel həmçinin Qazaxıstan universitetlərində təhsil alan azərbaycanlı tələbələrin, eləcə də Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan qazaxıstanlı tələbələrin sayının artdığını vurğulayıb. Ölkələr arasında turizm axını, habelə elmi, mədəni və təhsil sahələri üzrə nümayəndə heyətlərinin mübadiləsi intensivləşib. Bu meyillər miqrasiya axınlarının davamlı artmasına, humanitar əlaqələrin daha da genişlənməsinə şərait yaradır və miqrasiya sahəsində səmərəli əməkdaşlığın aktuallığını artırır.

Öz növbəsində, Vüsal Hüseynov həmsöhbətini qurumun fəaliyyətinin əsas istiqamətləri və Azərbaycanın dövlət miqrasiya siyasətinin prioritetləri ilə tanış edib, həmçinin bu sahədə iki ölkə arasında əməkdaşlığın inkişafından məmnunluğunu ifadə edib.
Həmsöhbətlər Qazaxıstan ilə Azərbaycan arasında miqrasiya sahəsində əməkdaşlığın mövcud vəziyyətini və perspektivlərini müzakirə ediblər. Tərəflər həmçinin miqrasiya sahəsində müqavilə-hüquq bazasının təkmilləşdirilməsi istiqamətində işlərin aktivləşdirilməsi barədə razılığa gəliblər.
Reportyor.az
KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 17:48


























