Səfir: Bu gün Pakistan beynəlxalq birlikdə sülhün qüdrətli carçısı kimi tanınır

Pakistanın Müstəqillik Günü ilə bağlı bu ölkənin Azərbaycandakı səfirliyində tədbir keçirilib.
Pakistan nümayəndələri, media təmsilçiləri və digər şəxslərin iştirak etdiyi mərasim "Qurani-Kərim" tilavəti ilə başlayıb.
Tədbirdə Pakistan səfiri Qasım Mohiuddin tərəfindən Pakistanın dövlət bayrağı ucaldılıb.
Pakistan prezidenti Asif Əli Zərdari və Baş nazir Şahbaz Şərifin Müstəqillik Günü ilə bağlı müraciətləri səsləndirilib.

Səfiri Qasim Mohiuddin tədbirdə çıxış edib. Pakistan üçün bu günün əhəmiyyəti vurğulanıb: "Pakistanın 14 avqust 1947-ci il tarixli müstəqilliyi ulu babalarımızın qətiyyətli mübarizəsi və fədakarlıqları sayəsində əldə edilib. Həmin tarixdən bu yana hökumət iqtisadi sabitliyə nail olub və inkişaf etmiş iqtisadiyyata doğru irəliləyir. Pakistanın rəşadətli Silahlı Qüvvələri ölkəni xarici təhdidlərdən qorumaqda sarsılmaz əzmkarlıq nümayiş etdirib".

Bu gün Pakistan beynəlxalq birlikdə sülhün qüdrətli carçısı kimi tanınır. Mürəkkəb və gərgin regional vəziyyət fonunda Pakistan məsuliyyətli dövlət və qlobal sülhün, sabitliyin və regional əməkdaşlığın təşviqində tarazlaşdırıcı qüvvə kimi konstruktiv rolunu davam etdirir.
Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə arasında Məkkə Birgə Müdafiə Sazişi Pakistanın bölgədəki səmərəli rolunun və inkişaf edən strateji gücünün bariz sübutudur.

Pakistan zülmə məruz qalmış Fələstin xalqına, eləcə də Cəmmu və Kəşmirdəki qardaş və bacılarımıza sarsılmaz həmrəyliyini ifadə edir və onlara qarşı dəyişməz prinsipial dəstəyini bir daha təsdiqləyir.
Cənubi Asiyada davamlı sülh Cəmmu və Kəşmir mübahisəsinin BMT-nin müvafiq qətnamələrinə, beynəlxalq hüquqa və Kəşmir xalqının arzularına uyğun olaraq diplomatik yolla tənzimlənməsindən asılıdır.

Səfir deyib ki, Azərbaycanın Cəmmu və Kəşmir daxil olmaqla, narahatlıq doğuran bütün məsələlərdə Pakistanla nümayiş etdirdiyi güclü həmrəyliyi yüksək qiymətləndiririk: "Qardaş ölkələrimiz arasındakı dostluq əlaqələrinin qarşıdakı illərdə daha da möhkəmlənməsini arzulayırıq".
Daha sonra Azərbaycandan olan tələbələr qonaq qismində urdu dilində çıxış edib.
Tədbir ziyafətlə başa çatıb.
Reportyor.az
KARUSEL / SİYASƏT
Tarix: Bu gün, 11:09


























