Mübariz Mənsimovu dilə gətirən səbəb – 240 milyon dolların hikməti nədir?
Mübariz Mənsimovun son günlər yayımlanan qəribə açıqlamaları cəmiyyətdə müxtəlif xarakterli müzakirələrə yol açıb. İflas etmiş iş adamı revanş almaq və hələ gündəmdə olduğunu göstərmək məqsədilə mediaya qalmaqallı müsahibə vermək qərarına gəlib.
Hazırda hər kəsi düşündürən əsas sual Mübariz Mənsimovu birdən-birə dilə gətirənin nə olduğu, məsələnin mahiyyətində nəyin dayandığı və bu hadisələrə rəvac verənin nə olduğu ilə bağlıdır.
İlk öncə qeyd edək ki, Londondakı Arbitraj Məhkəməsi 2021-ci il yanvarın 26-da SOCAR və Mübariz Mənsimova məxsus “Palmali” şirkəti arasında mövcud mübahisə üzrə ikinci arbitraj qərarını verib.
Qərara əsasən “Palmali” şirkəti və M.Mənsimov SOCAR-ın lehinə 63 milyon ABŞ dolları məbləğində dəymiş zərəri ödəməlidir.
Xatırladaq ki, daha əvvəl keçirilmiş birinci məhkəmə prosesində də London Beynəlxalq Arbitraj Məhkəməsi “SOCAR Overseas” şirkətinə 49,5 milyon ABŞ dolları məbləğində vəsaitin ödənilməsi barədə qərar verib. Beləliklə, üç məhkəmə işindən ikisi Mübariz Mənsimovun məğlubiyyəti və SOCAR-a ümumilikdə 112,5 milyon ABŞ dolları məbləğində cərimənin ödənilməsi barədə qərarlarla nəticələnib.
Azərbaycan Respublikasının Ali Məhkəməsi də öz növbəsində 8 sentyabr 2021-ci il tarixli qərarı ilə artıq beynəlxalq arbitraj məhkəmələrinin qərarını tanıyıb.
Beləliklə, Mübariz Mənsimov SOCAR-a 240 milyon dollardan artıq təzminat ödəməyə məcburdur.
2020-2021-ci illərdə hər üç müstəqil arbitraj məhkəməsində SOCAR-ın xeyrinə qərarlar verilib və eyni zamanda cavabdeh tərəfin əks iddiaları da rədd edilib.
Məğlubiyyəti həzm edə bilməyən və çıxış yolu qalmayan Mənsimov tək çarə kimi yeni günahkar axtarışına çıxıb.
Təzminatın böyüklüyündən “gözü qorxan” M.Mənsimov qeyd edir ki, onun külli miqdarda itkilərə məruz qalmasında, şirkətlər qrupunun faktiki iflas həddinə çatmasında əsas günahkar məhz SOCAR-dır.
İflas etmiş “iş adamı” məsələyə siyasi don geyindirməklə deyəsən ödəməli olduğu təzminatdan yaxa qurtarmağa çalışır.
Məsələyə münasibət bildirən politoloq Cümşüd Nuriyev isə qeyd edib ki, Mənsimovun bu hay-küyündə məqsəd məhkəmələrin çıxardığı qərarları yerinə yetirmək əvəzinə, ödəməli olduğu təzminatı ödəməkdən yayınmaqdır.
“Mübariz Mənsimov son zamanlar verdiyi bəzi açıqlamalarla özündən əslində, psevdoqəhrəman obrazı yaradır. Bunu isə diqqəti əsas məsələdən yayındırmaq cəhdi kimi qiymətləndirirəm”.
Politoloq qeyd edib ki, Britaniya Məhkəməsi Mübariz Mənsimovun SOCAR-la çəkişməsinə baxaraq, ona neft şirkətinə ödəmək üçün təzminat kəsib. Hansı ki, bu məhkəməyə kimlərinsə əl qatması mümkün deyil. M.Mənsimov isə təzminatı ödəmək və ya hüquqi prosedura uyğun daha yuxarı instansiyalara müraciət etmək əvəzinə, verdiyi açıqlamalarla diqqəti faktlardan yayındırmağa çalışır:
“Mübariz Mənsimovun niyə belə aqressivləşdiyini bilmirəm. O, məhkəmənin qərarından razı deyilsə, daha yuxarı instansiyalara apelyasiya şikayəti versin. Amma bu insanların şəxsiyyətilə, nə də Azərbaycan dövlətinin adı ilə bağlı olmamalıdır.
SOCAR Azərbaycan dövlətinin brendidir. Yəni SOCAR-a görə heç kəsin ixtiyarı yoxdur ki, Azərbaycan dövləti haqqında nəsə pis münasibət bildirsin, pis mövqe sərgiləsin.
M.Mənsimovun SOCAR-la hansısa problemi varsa, bunun Azərbaycan dövlətinə dəxli yoxdur.
Ola bilər M.Mənsimovun SOCAR-da kiminləsə münasibətlərində gərginlik var.
Lakin bu halda belə, heç kəsə icazə verilmir ki, ona görə ayrı-ayrı şəxsləri Azərbaycanla bərabər tutsun, Azərbaycana bərabərləşdirsin. İstəyir M.Mənsimov olsun, istəyir digərləri, kimliyindən asılı olmayaraq heç kəsə belə çirkin əməllərə yol verməyə icazə verilmir. Məqsəddən yayınmaq lazım deyil”.
Hazırda yaranmış situatsiya üzrə heç bir məhkəmə işi aparılmır. Yəni bu işə xitam verilib və Mübariz Mənsimov SOCAR-a 240 milyon ABŞ dollarından artıq pul təzminatı ödəməlidir.
Bizim.media
MANŞET / BANNER / SON XƏBƏR / KARUSEL
Tarix: 7-05-2022, 18:14