mobil versiya

Nazir Mədət Quliyevin oğlu qadın paltarı geyindi — Silah istehsalı kənarda qalıb, ata-oğul nə işlə məşğuldur?




Bu, foto gənc oğlanla bir müğənninin fotoobyektivə verdiyi pozdur. Bakıda çəkilən belə bir fotoya baxdıqda ilk diqqəti çəkən xanımın transparan geyimindən çox (artıq belə geyimlərin adiləşdiyini hər kəs bilir), gənc oğlanın geyimidir və aydın görünür ki, kişi geyimi deyil.

Gənc bir oğlanın niyə qadın geyimində olması təbii ki, suallar yaradır. Xeyr, məqsədimiz kiminsə şəxsi həyatını, yaxud seçimlərini təftiş etmək deyil. Fotodakı gənc oğlan ictimai maraq kəsb edən fiqur olmasaydı, ümumiyyətlə məsələyə toxunmazdıq. Halbuki, dünyanın istənilən yerində qadın geyimində olan gənc oğlan diqqət çəkməyə bilmir. 

Burada məsələnin mahiyyəti fotodakı gənc oğlanın kimliyidir. Yəqin ki, əziz oxucularımız fotoda qadın və yaxud "Samuray döyüşçüsü" geyimində olan gənc oğlanın kimliyini bilir, hər-halda çoxumuz onu yaxşı tanıyırıq, amma yenə də adını qeyd etmək zəruridir.



Qarşılayın, müdafiə sənayesi naziri Mədət Quliyevin oğlu olan "Samuray" geyimli Murad Qulubəyli və transparan geyimdə teleaparıcı Mehin Hümbətova...

Təbii ki, hörmətli nazirimizin oğlunun belə geyimdə olması diqqəti çəkir və məsələyə ictimai yük qazandırır. Axı söhbət sıradan bir şəxsdən, yaxud sıradan bir şəxsin oğlundan yox, Müdafiə Sənayesi Nazirliyi kimi əhəmiyyətli və strateji quruma rəhbərlik edən, həm də Azərbaycanın Milli Qəhrəmanı olan bir şəxsin oğlundan gedir. Atalar demiş, dost var, düşmən var. Axı nə üçün Azərbaycanın Milli Qəhrəmanımızın adı bu kimi məsələlərdə hallanmalı, Müdafiə Sənayesi Nazirliyinin adı belə hallarla gündəmə gəlməlidir?!

O da gerçəkdir ki, hörmətli nazir Mədət Quliyevin özü ona həvalə edilən sahə, bu sahədə əldə olunan nəticələrlə yox, tez-tez şou xarakterli məsələlərlə gündəmə gəlir. Gah hansısa konsertdə, gah hansısa tədbirdə modellə yan-yana çəkilən foto ilə, gah da “sarı mətbuatın” mövzusu olacaq məsələlərlə gündəmi zəbt edir. Bütün bunlar da ictimaiyyətdə haqlı suallar yaradır ki, Mədət Quliyev nə işlə məşğul olur? Əgər o, müdafiə sənayesi nazirdirsə, niyə belə məsələlərlə gündəmə gəlir?!



Bu suallara cavab tapılmamış nazirin oğlu qadın geyimində fotoobyektivə gülümsəyirsə, təbii ki, əlavə suallar və xoşagəlməz fikirlər meydana gəlir. Çünki dostlarımızla yanaşı, düşmənlərimizin də olduğunu və düşmənlərimizin hər fürsəti dəyərləndirdiyini biz də bilirik, hörmətli nazirimiz də.

Deyə bilərsiniz ki, atasının nazir olması oğlunun hansı işlə məşğul olmasına, yaxud necə yaşamasına aidiyyəti yoxdur. Doğrudur, Mədət Quliyevin oğlunun nə işlə məşğul olması o qədər də əhəmiyyətli deyil, amma hansı görkəmdə olması əhəmiyyətlidir. Bu geyimlə bəlkə də “fərqlilik” nümayiş etdirmək istəyir. Halbuki, bu fərqlilik yox, bir qədər başqa məsələdir. 



Digər tərəfdən, Mədət Quliyevin oğlunu "Samuray" geyimində görənlərin ağlına onun “fərqlilik” nümayiş etdirdiyini yox, başqa nəsnələr gəlir. 

Bütün hallarda bu kimi şeylər nə Azərbaycana, nə Milli Qəhrəmana, nə də Müdafiə Sənayesi Nazirliyinə baş ucalığı gətirmir. Görünür, Mədət Quliyev üçün rəhbərlik etdiyi sahədən çox, şou və incəsənət sahəsi maraqlı olduğu üçün, oğlunun hansı geyimdə olması o qədər də maraqlı deyil və şou əhli kimi “necə olursa olsun, gündəmə gəlim” məqsədilə qeyri-adi paltarlar geyinməsini də normal qarşılayır. Yenə də bu, ata və oğulun arasında olan məsələdir. Azərbaycan ictimaiyyəti, elə Azərbaycan dövləti üçün maraqlı olan Müdafiə Sənayesi Nazirliyi, onun fəaliyyəti, gördüyü işlərdir və nə xalq, nə də dövlət bu sahəyə rəhbərlik edən nazirin heç də xoşagələn olmayan hallarla gündəmə gəlməsini yaxşı qarşılamır!

Vaqif Hüseynli
Demokrat.az


MANŞET / BANNER / SON XƏBƏR / KARUSEL
Tarix: 8-05-2022, 13:04