mobil versiya

Ərşad Hüseynov: “Qadınlar radar görəndə kişilər kimi tormozun üstünə çıxmırlar”




“Qadın sürücülərin törətdikləri qayda pozuntuları, onların təqsirli olduğu cinayət sayılan yol-nəqliyyat hadisələri əslində qadın sürücülərin say nisbətini nəzərə alanda kişilərlə müqayisədə çox azdır”.

REPORTYOR.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov bildirib. O qeyd edib ki, bunu DYP-nin açıqladığı rəqəmlər də izah edir:

“2021-ci ildə ölkəmizdə 1649 cinayət xarakterli yol-nəqliyyat hadisəsi olub, nəticədə 706 nəfər həlak olub, 1452 nəfər yaralanıb. Elə həmin 2021-ci ildə qadın sürücülərin təqsirli olduğu cinayət xarakterli yol-nəqliyyat hadisələrinin sayı 28, bu hadisələrdə ölənlərin sayı 17, yaralananların sayı isə 18 olub. Bu isə o deməkdir ki, ölkə üzrə belə hadisələrin cəmi 1,7%-i qadınların hesabına düşür. Qadın sürücülərin təqsirindən ölənlər cəmi ölənlərin 2,4%-ni, yaralananlar isə cəmi yaralananların 1,24%-ni təşkil edir. Amma nəzərə alaq ki, ölkəmizdə qadın sürücülər cəmi sürücülərin təxminən 3-4%-ni təşkil edir. Başqa sözlə, qadın sürücülərin ağır qəza törətmək üzrə göstəriciləri kişi sürücülərinkindən təxminən 2 dəfə yaxşıdır”.

Ə. Hüseynov qeyd edib ki, qadın sürücülərin törətdikləri inzibati xəta sayılan qayda pozuntuları da say nisbəti ilə götürüldükdə kişi sürücülərdən əhəmiyyətli dərəcədə azdır. Məsələn, təhlükəsizlik kəməri bağlamayan sürücülərin təxminən 2%-ni qadınlar təşkil edir: “2021-ci il üçün sürət həddini aşan cəmi sürücülərin rəsmi statistikası verilməsə də, əvvəlki illərin statistikası əsasında hesablama apardım. Maraqlıdır ki, 2021-ci ildə sürət həddini aşanların təxminən 5,2%-i qadın sürücülərdir. Bu isə qadın sürücülərin say nisbəti nəzərə alınanda o deməkdir ki, yollarımızda qadın sürücülər sürət həddini kişilərdən daha çox aşırlar. Amma reallıq buna uyğun gəlmir. Hətta tez-tez kişi sürücülər bizim “Düzgün Hərəkət” verilişinə şikayət edirlər ki, qadınlar asta sürdüklərindən yolda bizə mane olurlar. Bəs belə qeyri-adi statistikanın səbəbi nə ola bilər: Doğrudanmı qadınlar qaza daha çox basırlar?

Bir az düşünəndə bunun çox sadə, bəlkə də bir az gülməli səbəbi ortaya çıxır: Qadın sürüclərimizin xeylisi sadəcə olaraq, hələ ki, radarların yerini yaxşı bilmirlər. Onlardan bəziləri də radarlara kişilər qədər nəzarət etmirlər, bir qismi isə radar görəndə kişilər kimi tormozun üstünə çıxmırlar”.



MARAQLI / KARUSEL
Tarix: 17-02-2022, 17:13