mobil versiya

"Hələ ki, Azərbaycanda qızılca ilə bağlı narahatlıq yoxdur" - Hande Harmancı



İmmunlaşdırma Həftəsi bizim üçün çox önəmlidir. Xüsusilə də bu il peyvəndlərin vaxtında və tam edilməsinə diqqət çəkmək istəyirik. Məlumdur ki, COVID-19 pandemiyası zamanı daha çox həmin xəstəlik əleyhinə peyvəndləmə prosesinə diqqət yetirildi. Bəzi peyvəndlər isə arxa plana atıldı. Nəticədə COVID pandemiyası sırasında bir sıra vacib peyvəndlərin əhatə dairəsi zəiflədi. Bu proses bütün dünyada, o cümlədən Azərbaycanda qeydə alındı. İndi bütün gücümüzü verərək peyvəndləşmənin əhatə dairəsini yenidən genişləndirməyə çalışırıq. Bir peyvəndin bir uşağın həyatını xilas etməsi bizim üçün çox önəmlidir.
Bunu jurnalistlərə müsahibəsində ÜST-nin Azərbaycandakı nümayəndəsi və ölkə ofisinin rəhbəri Hande Harmancı deyib.
Avropada qızılca ilə bağlı həyəcan təbili çalındığını bildirən H.Harmancı fikirlərinə belə davam edib: “Bütün Avropa ölkələrində qızılca xəstəliyinə yoluxmada artım qeydə alınır. Bu da uşaqlar üçün çox ölümcül bir xəstəlikdir. Hələ ki, Azərbaycanda həmin xəstəliyə yoluxmaqla əlaqədar narahatlıq yoxdur. Ancaq bu, xəstəliyə əhəmiyyət verməmək və arxayınlaşmaq üçün əsas deyil. Mən buradan bütün valideynlərə səslənmək istəyirəm. Əgər övladınıza qızılca əleyhinə peyvəndini vurdurmamısınızsa, 11 yaşına qədər etdirə bilərsiniz. Həmin peyvəndin vurulması çox önəmlidir. Bundan əlavə, körpənin ikinci ayından başlayaraq digər əsas peyvəndləri vurdurmaq da vacibdir. Azərbaycanda verilən bütün peyvəndlər ÜST tərəfindən standartları təsdiq edilmiş keyfiyyətli və təhlükəsiz peyvəndlərdir. Bütün valideynləri övladlarını peyvənd etdirməyə dəvət edirəm”.
COVID-19 pandemiyası ilə bağlı epidemioloji vəziyyətdən danışan ÜST-nin ölkəmizdəki nümayəndəsi COVID-19 pandemiyasının yaxında bitəcəyinə ümidvar olduğunu bildirib: “Gündəlik yoluxma rəqəmlərində azalmanı görürük. Bu da bizi ümidləndirir. Lakin bu, o demək deyil ki, pandemiya bitib. Özümüzü qorumağa davam etməliyik”.

SAĞLAMLIQ / KARUSEL
Tarix: 28-04-2023, 14:28