mobil versiya

Qulaq falı



Əvvəlcə, Novruz bayramınız mübarək! Ağırlığınızı, uğurluğunuzu yer götürsün. Ruzinizi Allah yetirsin! 

Bir neçə il əvvəl informasiya cəmiyyəti ilə bağlı elmi konfrans keçirilirdi. Yaşlı çıxışçılardan biri qayıtdı ki, bəzi Novruz adətlərimiz birbaşa informasiya təhlükəsizliyi məsələsi ilə bağlıdır. Məsələn, biri elə qulaq falı: qulağını başqasının qapısına dirəyib, informasiya alırsan. Ya da bacadan şal sallamaq... Adam evdə oturduğu yerdə bir də gördü ki, aha, kimsə bacadan şalı sallayıb evin içini güdür. Dünyanın koronavirus problemi ilə üz-üzə qaldığı indiki günlərdə həmin fikirləri niyə xatırladım?! Son onilliklərə qədər informasiya və onun doğurduğu təhlükələr cəmiyyətlər üçün, əslində, bu qədər bəsit sayılardı. Məlumat kanalları az və etibarlı əllərdə idi. İctimai əhəmiyyətli informasiyalar peşəkar jurnalistikanın, klassik medianın süzgəcindən keçirilərək çatdırılırdı. İndi isə vəziyyət büsbütün dəyişib. İnsan artıq öhdəsindən gəlmək mümkün olmayan məlumat, fikir və təhdidlər selinə düşüb. İnformasiya azadlığı bəşəriyyətin son bir neçə əsrdə formalaşdıra bildiyi ilk yeni dəyərdir. Amma insan bu dəyərlə necə doğru-dürüst davranmalı olduğunu da hələ bilmir.

Ona görə loru dildə desək, informasiya özünü tamam buraxıb. Daha adamlar ona nəzarət etmək gücündə deyil. Nəticəsi isə Yer üzünün üz-üzə qaldığı indiki qəribə vəziyyətdir. “Gangnam Style” yadınızdamı?! Sıradan bir kütləvi mədəniyyət nümunəsi idi. Amma qısa müddətdə internetdə milyardlarla baxış sayı yığmışdı. Ondan sonra da təsadüfi kəslərin adi mobil telefonlarla çəkdikləri mənasız videolar, musiqilər, filmlər adlı-sanlı yaradıcı adamların min bir zəhmətlə, böyük vəsaitlər hesabına hazırladıqları musiqi əsərlərinin, filmlərin, ədəbi əsərlərin kürəyini yerə vurmağa başladı. Dalınca da “fake” xəbərlər, sosial şəbəkələrin yaratdığı başqa mərəzlər... Son fəsadları da indi bütün dünyada böyük təlaş doğuran belə koronavirus pandemiyası...

Azdan-çoxdan bu barədə oxuduqlarımdan belə qənaətə gəlirəm ki, bu xəstəliyin özündən də çox ətrafında yaranmış qlobal səs-küy, qeyri-müəyyənlik narahatlıq yaradır. Hökumətlər isə haqlı olaraq bu qeyri-müəyyənliyin risklərini nəzərə alıb, öz vətəndaşlarını mümkün təhlükələrdən qorumaq üçün lazımi tədbirləri həyata keçirirlər. Bu durumda hər bir insanın ümumi işə verə biləcəyi ən böyük fayda isə yanlış məlumatların, rəylərin təsirinə düşməməkdir. Rəsmi xəbər və rəylərə istinad etməkdir. Davranışlarını, gündəlik həyatını hökumətin tövsiyələrinə uzlaşdırmaqdır. Onda problem daha tez və asan ötüşəcək. Müəllifi məlum olmayan bir kəlam var: deyir, öldürməyən şey, daha da güclü edir. Özümüzü, yaxınlarımızı koronavirus təhlükəsindən qoruyaq. Və əmin olaq ki, insan övladı bu sınaqdan əvvəlkindən də güclü çıxacaq.

Yadigar Cəfərli

SON XƏBƏR / KARUSEL / YAZARLAR
Tarix: 22-03-2020, 01:14