Ekofəalların aksiyasının 37-ci günü
Azərbaycanlı ekofəalların Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 37 gündür yüksək vətənpərvərlik əhval-ruhiyyəsində davam edir.
Aksiya iştirakçıları Qarabağda yerləşən faydalı qazıntı yataqlarının erməni separatçıları tərəfindən qanunsuz istismarına yox deyir, tələblərin dərhal yerinə yetirilməsini istəyirlər.
Həmişəki kimi, fəallar bu səhəri də Dövlət Himinin səsləndirilməsi ilə açıblar, vətənpərvərlik ruhunda mahnılar ifa ediblər.
Aksiyanın məramı əvvəlki kimi dəyişməz olaraq qalır. Etirazçılar bu dəqiqələrdə qaldırdıqları plakatlarda üzərində rus və ingilis dilində yazılmış “Sərvətlərimizin talanı dayansın!”, “Təbiəti qoruyaq, istismarı qınayaq!”, “Təbiətin milləti yoxdur!”, “Azərbaycan milləti, qoruyacaq sərvəti!”, “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Sərvətimiz bölünməz, heç bir kəsə verilməz!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekocinayətə son!” kimi şüarlar səsləndirirlər. Aksiya iştirakçılarının dinamik və coşqulu görünmələri onların məqsədlərinin aydın olduğunu göstərir. Etirazçıların qətiyyəti də tələbkarlıqları kimi sərtdir.
KARUSEL / GÜNDƏM
Tarix: 17-01-2023, 08:38