mobil versiya

Azərbaycanda buğda idxalı üzrə məlumatlar açıqlanıb



2023-cü ilin yanvar-fevral aylarında Azərbaycan 268,11 min ton buğda idxal edib ki, bu da 2022-ci ilin göstəricisindən 78,03 faiz və ya 117,51 min ton yüksəkdir.
Dövlət Gömrük Komitəsinin (DGK) məlumatlarına əsasən, buğda idxalı dəyər ifadəsində 81,987 milyon dolları keçib (57,81 faiz artım).
Hesabat dövründə buğda idxalı Azərbaycanın ümumi idxalının 2,63 faizini təşkil edib.
Qeyd edək ki, 2023-cü ilin yanvar-fevral aylarında Azərbaycanda qida məhsullarının idxalı dəyər ifadəsində 6,69 faiz və ya 22,6 milyon dollar artaraq 360,368 milyon dollara çatıb.
Xatırladaq ki, 2023-cü ilin yanvar-fevral aylarının yekunlarına görə, Azərbaycanın xarici ticarət dövriyyəsi 2022-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 9,7 faiz və ya 768,8 milyon dollar azalaraq 7,94 milyarddan 7,17 milyard dollara düşüb.
Xarici ticarət dövriyyəsinin strukturunda ixracın payına cəmi 4,52 milyard dollar düşüb ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 1,447 milyard dollar və ya 24,25 faiz azadır. Xarici ticarət dövriyyəsində ixracın payına ötən ilki 75,16 faizlə müqayisədə 63,03 faiz təşkil edib.
Hesabat dövründə Azərbaycanda idxal illik hesablamada 678,5 milyon dollar və ya 34,4 faiz artaraq 1,972 milyard dollardan 2,651 milyard dollara qalxıb. Xarici ticarət dövriyyəsində idxalın payı ötən ilki 24,84 faizlə müqayisədə 36,97 faiz təşkil edib.
Nəticədə hesabat dövründə xarici ticarət dövriyyəsinin saldosu müsbət qalmaqla illik hesablamada 2,126 milyard dollardan çox və ya 2,1 dəfə azalaraq 1,869 milyard dollara düşüb, belə ki, 2022-ci ilin yanvar-fevral aylarında saldo 3,995 milyard dollar olub.(Trend)
KARUSEL / İQTİSADİYYAT
Tarix: 20-03-2023, 19:23