Avropa İttifaqının müşahidəçilərinə və avtomobilinə Ordumuzun atəş açması barədə məlumat yalandır
Avqustun 15-də saat 12:20 radələrində Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi ərazisində guya Avropa İttifaqının müşahidəçiləri və onların avtomobili istiqamətində Azərbaycan Ordusunun bölmələri tərəfindən atəş açılması barədə erməni informasiya resurslarında yayılan məlumat həqiqətə uyğun deyil, qarşı tərəfin növbəti dezinformasiyasıdır.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Avropa İttifaqının müşahidəçilərinin Ermənistanda şərti sərhəd istiqamətində səfərlərinin vaxtı, onların hərəkət marşrutu, ərazidəki koordinatları, eləcə də avtomobillərin markası və nömrə nişanları Azərbaycan tərəfinə əvvəlcədən təqdim edilir. Azərbaycan Ordusunun bölmələri missiyanın səfərləri barədə məlumatlıdır.
Bu səbəbdən də Ermənistan müdafiə nazirliyinin iddia etdiyi belə halın baş verməsi nəzəri və praktiki baxımdan qeyri-mümkündür.
KARUSEL / GÜNDƏM
Tarix: 15-08-2023, 16:07