mobil versiya

Pentaqon rəhbəri uzun müddət sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb



Xərçəng diaqnozu ilə xəstəxanaya yerləşdirilən ABŞ Müdafiə Naziri Lloyd Ostin uzun müddət sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb.

“AzPolitika.info” xəbər verir ki, Ostin videokonfrans vasitəsilə Ukrayna Müdafiə Əlaqə Qrupunun aylıq iclasında iştirak edib.

İclasda çıxış edən Ostin səhhəti ilə bağlı bunları deyib:“Hamınızı yenidən görmək çox gözəldir. Gördüyünüz kimi bu gün iclasa evdən qatılıram. Özümü yaxşı hiss edirəm və Pentaqona qayıtmağı səbirsizliklə gözləyirəm”.

Qeyd edək ki, prostat vəzi xərçəngindən əməliyyat olunan Ostin, ertəsi gün evə göndərilsə də, yanvarın 1-də yenidən xəstəxanaya yerləşdirilib. Ostinin xəstəxanaya yerləşdirilməsi ilk olaraq ABŞ Müdafiə Nazirliyinin yanvarın 5-də verdiyi açıqlama ilə gündəmə gətirilib və vəziyyətinin yaxşı olduğu açıqlanıb. Lakin sonradan məlum olub ki, Prezident Co Bayden də daxil olmaqla yüksək vəzifəli şəxslər, həmçinin Pentaqon rəsmiləri və Konqres üzvləri Ostinin xəstəxanaya yerləşdirildiyini günlər sonra öyrəniblər.

70 yaşlı Ostinin xəstəxanaya yerləşdirilməsi və səhhəti ilə bağlı baş verənlərin səlahiyyətlilərdən və ictimaiyyətdən gizli saxlanması tənqidlərə səbəb olub və bu reaksiyalardan sonra Konqres və Pentaqon məsələ ilə bağlı araşdırmaya başlayıb. Yanvarın 15-də xəstəxanadan çıxan Ostin o vaxtdan bəri evdən işləyir. Ostinin Pentaqondakı ofisinə nə vaxt qayıdacağı məlum deyil.


KARUSEL / DÜNYA
Tarix: 24-01-2024, 12:16